“Qələbə üçün bu gün qol çatmadı”.
Bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sumqayıt”la keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
O, komandasının çıxışını belə dəyərləndirib: “Bu cür rəqibə qarşı oynamaq çox çətin idi. Meydana böyük itkilərlə çıxmışdıq, 5 oyunçumuz yox idi. Ən azı ikinci hissədə onları meydana buraxsaydıq, bizə böyük köməkləri dəyə bilərdi. Təəssüf ki, zədə səbəbindən yox idilər. Qol vurmaq üçün o qədər də şans yarada bilmədik. Ötən oyun da göstərdi ki, bu baxımdan çətinlik çəkirik. Rəqiblər bizə qarşı qapanırlar. Oyunun içində çox əziyyət çəkdik. Ötən matçda da rəqibin qapalı çıxış etməsi bizə çətin anlar yaşatdı. Futbolçularım əllərindən gələni etdilər. Rəqibə yaxşı təzyiq edirdik. Hətta ikinci hissədə “Sumqayıt” qapımıza yaxınlaşa bilmirdi”.
- Yusuf Laval da oyun zamanı ayağında ağrı hiss etdi. Bu qədər oyunçunun zədə alması nə ilə bağlıdır?
- Lavalın matça kimi heç bir problemi yox idi. Romen Bask üç gündür qızdırma içindədir. Mamadu Mbodjun əli qırılıb, Mert Çelik cəzalıdır. Xorxe Korrea məşqdə zədə alıb. Dünən isə oyunöncəsi məşqdə Sezar Meza Kollinin əzələsi dartıldı. Ola bilsin ki, bunlar ilin sonları ilə əlaqədardır. Xorxeni başa düşürəm, 5-6 ay idi ki, məşq keçməmişdi. Bu gün bəhanələr axtarmaqla məşğul olmalı deyilik. Ronaldo kimi futbolçunun da millidə qaçdığı yerdə əzələsi dartılır. Heç kimdə günah yoxdur. Taleyin acı tərəfidir.
- Son çempion kimi o qədər də uğurlu mövqedə deyilsiniz. Yenidən çempionluq yarışına qoşulmaq üçün qışdan sonra nə kimi dəyişikliklər olacaq?
- Dəyişikliklər fikirləşirik. Oyunların yükünün altından çıxmadıqca bu barədə düşünürük. Bəzi mövqeləri gücləndirmək, yerli balansı düzəltmək istəyirik. Axtarışdayıq. Bu acı durumda gənclər qazanc götürə bilərlər. Onlar bundan sonrakı matçlarda da əsas heyətdə meydana çıxıb, gələcək heyətin formalaşmasında kömək ola bilərlər. Öz komandamda futbolçuların meydanda əl-qolunu aşağı saldığını görmürəm. Bu gün də rəqibə ciddi əks-hücum imkanı vermədik. Mənli, mənsiz nə qədər bacaracağımızı zaman göstərəcək.
- Ayaz Quliyevin adı komandanızla tez-tez hallanır. Onun “Neftçi”yə keçməsi nə dərəcədə inandırıcıdır?
- Ayaz Quliyev barədə məlumatım yoxdur. Amma skautlarımız yaxın ətrafda olan azərbaycanlılarla maraqlanırlar. Ancaq konkret ad deyə bilmərəm.
- “Sumqayıt”ın müdafiə futbolu göstərəcəyi öncədən bilinirdi. Bəzi futbolçularınızda sanki anında qərar vermək problemi var idi. Ara ötürmələri və uzaqdan zərbələri bu gün görmədik. Bunlar nə ilə bağlıdır?
- Bu gün futbol nə qədər sürətlənirsə, futbolçuların qərarı da o qədər sürətli olmalıdır. Birinci planda oyunçunun bacarığı olmalıdır. Bəzi məşqlərlə nələrisə düzəldə bilərsən. Amma elə məqamlar var ki, futbolçu özü meydanda qərar verməlidir. Təcrübəsizlik, tələskənlik bir neçə futbolçuda özünü büruzə verdi. Oyunumuzda balanssızlıq var, bunu da yavaş-yavaş aradan qaldırmağa çalışacağıq.(apasport.az)