"Gərgin və maraqlı oyunun şahidi olduq. Dinamik və sürətli futbola hazırlıqlı olmalı idi. İlk hissədə gözlənilmədən qollar buraxdıq. Bundan sonra da yaxşı oynadıq. Matç bizim üstünlüyümüz şəraitində keçdi. Sonadək mübarizə apardıq. Rəqib böyük qüvvə ilə müdafiə olunurdu. Artıq bu matçı unudub qarşıdakı görüşləri fikirləşməliyik".
Sportarena.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis Rüstəm Nuriyevi oyundan çıxaranda tərəddüd etdiyini söyləyib: "Çox hərəkətli və aqressiv oyunçudur. Dəyişikliyin bir səbəbi var idi. Sadaəcə, qorxdum. Rüstəm mübarizə aparırdı və istəkli idi. Sarı vərəqədən sonra qorxduğum üçün onu əvəzlədim".
Sadıqov rəqibi qələbə münasibəti ilə təbrik edib: "Bəzi məqamlarda biz daha üstün idik. Belə görüşlərdə qələbə qazanmaq çətin olur. Biz də 3 xal əldə edə bilərdik. Daha dəqiq olan və əlinə düşən fürsətlərdən yararlananlar istəyinə çatır. Elə oyunlar olur ki, pis çıxış edirsən və başında çoxlu suallar olur. "Qəbələ" "Qarabağ" kimi komandadan qol buraxmayıb. Səhvsiz mümkün deyil. Amma səhvləri minimuma endirə bilərik".
O, qarşılaşma ərzində hakimlərə qarşı aqressiv olmadığını diqqətə çatdırıb: "Xüsusilə də sarı vərəqə aldığım epizodu diqqətə çatdırmaq istəyirəm. Əgər o epizod sarı vərəqədirsə, bizim hakimlər hər matçda baş məşqçilərə vərəqə göstərməlidirlər. Mən tərəfdən hakimə qarşı nə təhqir, nə də sərt idadə olub. Sadəcə, sual vermişəm ki, bu sarı vərəqə deyil? Başımı tutub getdiyimə görə sarı vərəqə aldım. Belə halda sarı vərəqənin olacağını bilmirdim. Sən demə bunu etmək olmazmış. Dünyanın bir sıra tanınmış baş məşqçiləri hakimlərlə dialoqdadırlar və bəzən səs tonlarını qaldırırlar. Bu da oyunun gərginliyindən irəli gəlir. Heç kim başqalarına şəxsi qərəzliyi yoxdur. Digər komandanın oyunlarında iki məşqçi ayaq üstə durur. Amma vərəqə almırlar. Başımı tutub çıxıb getdiyimə görə sarı vərəqə görmüşəm. Görməmişəm ki, bizim çempionatda oyuna iki dəqiqə əlavə edilsin. Bu xırda şeylərdir. Rəqibi bir daha təbrik edirəm. Bu mövsüm çempionatımızda rəqabət daha çoxdur. Görünən odur ki, növbəti turlarda qələbə və xal qazanmaq daha çətin olacaq. Hakimlikdən çox danışmaq istəmirəm". (Report)