“Beşiktaş” Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Borussiya” (Dortmund) ilə oyuna ciddi itkilərlə çıxacaq.
Miralem Pyaniçin bu qarşılaşmanı buraxacağı dəqiqləşib.
31 yaşlı yarımmüdafiəçiyə tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub. Hazırda müalicə olunan futbolçu “Borussiya” ilə oyun üçün açıqlanmış heyətdən çıxarılıb.
“Beşiktaş”da bir neçə gün öncə Kevin Nkudu da ağır zədə almış və 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı. Bundan əlavə, qapıçı Mert Günok, yarımmüdafiəçi Gökhan Törə, hücumçu Aleks Teyşeyra da zədə səbəbindən komandya kömək edə bilmir.
Qeyd edək ki, dekabrın 7-də keçiriləcək "Borussiya" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.