Sabah Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. 2021/22 mövsümünə 1/8 finaldan başlayacaq “Qəbələ” MOİK-lə görüşəcək.
Sportarena.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, bir matçdan ibarət mərhələnin oyununu səfərdə keçirəcək “qırmızı-qaralar” rəqibi ilə “Dalğa Arena”da üz-üzə gələcək.
Bu, komandalar arasında 11-ci sınaq olacaq. İlk duel 2005/06 mövsümünə təsadüf edib. Həmin vaxt da rəqiblərin yolları kubokda kəsişib. Həmin qarşılaşma həm də “Qəbələ”nin kubokda debütü olub.
İndiyədək keçirilən 10 matçda böyük üstünlüyə malik “qırmızı-qaralar” 7 qələbə qazanıb və 3 heç-heçə edib. Heç vaxt uduzmayan komanda top fərqində də aşkar üstündür. 19 qol vuran futbolçularımız cəmi 1 top buraxıblar.
“Qəbələ” və MOİK arasında qarşılaşmaların ən yaxşı bombardirləri İbrahim Hüseynov, Fərzad Hatəmi və Deon Bartondur. Onlar hərəyə üç dəfə fərqləniblər.
Bu matçlardan 6-sl çempionat, 4-ü kuboka təsadüf edib. Ölkə kubokundakı bütün oyunlarda qələbə qazanan “Qəbələ” 10 cavabsız qol vurub.
Bu üstünlük səfər görüşlərində də hiss olunub. Rəqib meydanındakı 5 görüşdən dördündə qalib gələn Qəbələnin eyniadlı təmsilçisi bir heç-heçə edib. 13 səfər qoluna sevinən komanda bir top buraxıb.
Xatırladaq ki, dekabrın 10-da “Dalğa Arena”da keçiriləcək MOİK - “Qəbələ” matçı saat 17:00-da başlayacaq.