Qurban Qurbanov: "Cənab Prezident bizə çox böyük dəyər verdi"

15:50 13 Dekabr 2021

"Bütün qalibləri təbrik edirəm. İdmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzu edirəm. "Qarabağ"dan o qədər danışıldı ki, mənim nəsə deməyimə ehtiyac yoxdur".

Sportarena.Az xəbər verir ki, bu fikirləri İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində ilin məşqçisi adına layiq görülən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

49 yaşlı mütəxəssis bildirib ki, komanda olaraq öz işləri ilə məşğul olmalı, Azərbaycan xalqına doğru və düzgün xidmət etməlidirlər: "Hər birinizə təşəkkür edirəm ki, mənim komandamı qalib kimi seçmisiniz. Hər dəfə çalışdıq ki, mübarizə aparaq. Amma həmişə narahat idik. Torpaqlarımız işğaldan azad olunduqdan sonra oyunçularımızı meydanda döyüşçü kimi gördük".

Qurbanovun sözlərinə görə, ilin futbolçusu seçilən "Neftçi"nin kapitanı Emin Mahmudova daha əvvəl təklif göndəriblər: "Kamran Quliyevin açıqlamasından sonra inanmıram ki, yenidən bunu edək. Çünki Emin “Neftçi” üçün dəyərlidir. Amma yalan danışmayacağam. Daha əvvəl onu komandada görmək istəmişik, lakin uğurlu alınmayıb".

Qurban Qurbanov klub üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə də danışıb: "Həm özümün, həm də komandanın adından cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Əvvəllər də olduğu kimi həqiqətən bizə çox böyük dəyər verdi. "Bu, bir daha ölkə başçısının futbola olan sevgisini göstərir. Bu gün bir daha bunun şahidi olduq".

Onun sözlərinə görə, İlham Əliyev "Qarabağ"ın İsveçrə "Bazel"i ilə UEFA Konfrans Liqasının qrup oyununda Abdullah Zubirin vurduğu qolun qeydə alınmaması ilə bağlı fikrini bildirib: "Demək olar ki. hər incəlikləri bilir. Hər zaman öz xalqı, idmançıları ilə maraqlanır. Çox dəyərli görüş oldu. Hamı görüşdən razı çıxdı. Öz işimizdə daha da məsuliyyətli olmalıyıq".

​Mütəxəssis Azərbaycan millisinin və Ukrayna "Minay"ının futbolçusu Rüstəm Əhmədzadənin Ağdam təmsilçisinə keçidi məsələsinə də toxunub: "Hər zaman daha gənc futbolçulara üstünlük vermişik. "Hər hansı perspektivli oyunçunu əldə etmək şansımız varsa, bundan maksimum istifadə etməyə çalışırıq. Əlimizə belə bir şans düşdü. Millidəki və Ukraynadakı oyunlarını izlədik. Böyük potensialı var. Amma o demək deyil ki, Əhmədzadəni komandaya götürməklə bütün işimiz düzəldi. Belə potensiallı uşaqların bacarığını üzə çıxarmaq istərdim". (Report.az)


Xəbər xətti