"Futbolumuzdakı bu problemli vəziyyəti dəyişmək lazımdır" - Gənclər və idman naziri

Sportarena.az      17 Dekabr 2021 , 14:00

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan futbolundankı problemlərə münasibət bildirib.

O, bu haqda İTV" kanalına müsahibəsində danışıb. Nazir əvvəlcə futbol azarkeşi olmasına toxunub:  "Uşaqlıqdan futbol azarkeşiyəm. O zaman yüksək liqada "Neftçi", ikinci liqada "Kəpəz" var idi. Azərbaycan çempionatı başlayarkən futbolun səviyyəsi o qədər də yüksək olmadığı üçün biz də təbii ki, Avropa futboluna baxırdıq. Uşaqlıqdan "Barselona"ya azarkeşlik etmişəm.  

Lakin sonra avrokuboklar başlayarkən avqust-sentyabrda oynanılan matçlarda bütün Azərbaycan komandaları uduzurdu. Bununla da bizim avrokuboklarda olan yolumuz bitirdi. Hər il biz səbirsizliklə növbəti ili gözləyirdik ki, hansısa komandamız avrokuboklarda oynayacaq. Təbii ki, mən stadiona hər zaman getmişəm və bunu çox sevirdim. Avrokuboklarda oynayan komandamıza bir azərbaycanlı kimi azarkeşlik etmişəm. Milli komandanın oyunlarına da gedirdim".

F.Qayıbov bir neçə gün öncə  Prezident İlham Əliyevin yenidən "Qarabağ" komandasını qəbul etməsi barədə də fikirlərini bildirib: "Bu onu göstərir ki, bu əziyyət hamısı qiymətləndirilir. Bu komanda ardıcıl 8 dəfə Azərbaycanı avrokuboklarda layiqincə təmsil edir. Neftçi", "Qəbələ" və bir çox komanda da ölkəmizi təmsil edib".

Nazir Azərbaycan çempionatı haqda isə bunları deyib: " Azərbaycan çempionatı bizim problemimizdir, desəm, yanılmaram. Bu, bir faktdır. Hal-hazırda bunu yaşayırıq və hamımız da başa düşürük ki, bu  vəziyyəti dəyişmək lazımdır. Komandaların sayı artırılmalıdır. Problem odur ki, komandaların bir çoxu Bakıda cəmləşib. Bir çox komanda digər şəhərlərdə də olmalıdır, rəqabət artmalıdır. Onların hamısını biz başa düşürük. Çalışacağıq ki, pillə-pillə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına bu işdə dəstək olaq. Bizim federasiyaların sayı çoxdur. Azərbaycanda ən populyar federasiya futboldur. Tək Azərbaycanda deyil, bütün dünyada qələbəmizə sevinirik, uduzanda məyus oluruq".

O, Azərbaycanda komanda sayının azlığı, uşaq futbolunun inkişaf etməməsi, regionlardakı problemlərdən çıxış yolu ilə bağlı verilən sualı belə cavablandırıb:  "Düşünürəm ki, çıxış yolu olaraq hamımız bərabər çalışmalıyıq. Vəziyyətə baxıb nəticə çıxarmalıyıq. Mən təkcə AFFA ilə deyil, digər federasiyalarla da görüşdüm. Onlara qulaq asmaq, çətinliklər haqda məlumat əldə etmək üçün bunu etdim. Bundan sonra bu işləri təhlil edirik. Yəni, bizim fəaliyyətimiz o görüşlərlə bitmir. Bundan sonra da bu görüşlər davam edəcək. Artıq biz onları nazirliyə dəvət edirik. Strategiya haqda düşünməliyik. Yalnız futbol deyil, bütün federasiyalarla eyni çalışmalıyıq. Qeyd etdiyim kimi futbol sadəcə ən populyar idman növüdür. Bütün federasiyalar haqda düşünməliyik ki, bizim məqəsdimiz nədir, nəticələr nə zaman olacaq, hansı nəticələr gözləyirik, neçə ildən sonra hansı nəticələr gələcək. Ondan sonra o nəticələri əldə etmək üçün hansı vasitələrdən istifadə eləyəcəyik. Yəni, biz o məqsədləri özümüz üçün təyin etdikdən sonra çalışmaq daha asan olar. Hal-hazırda da biz onun üzərində işləyirik".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin