Aleksey Baqa: "Qarabağ”ı çıxsaq, digər klubların bərabərsəviyyəli olduğunu görürük"

15:08 6 Yanvar 2022

“Burada olmaqdan məmnunam. Yeni çağırışlara hazıram. İsti münasibətə görə təşəkkür edirəm”.

Sportarena.az xəbər verir ki, bunu “Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqa mətbuat konfransında təyinatı ilə bağlı danışarkən deyib.

41 yaşlı mütəxəssis bildirib ki, komanda barədə kifayət qədər məlumat toplayıb: “Şəxsi tanışlıq və üzbəüz münasibətlərin yerini heç nə vermir. Amma klub haqqında bütün məlumatlara sahibəm”.

Belaruslu baş məşqçi “gənclik şəhəri” təmsilçisində də 4-lü müdafiə xəttindən istifadə edəcəyini söyləyib: “Taktiki düzülüşlər barədə çox danışmaq olar. Amma bu, hər oyunda dəyişə bilər. Bunadək 2 mərkəz müdafiəçisi ilə oynamağa üstünlük vermişəm. Bu, hər zaman bizə uğur qazandırıb. Düşünürəm ki, burada da eyni sistemdən istifadə edəcəyik”.

Baqanın sözlərinə görə, yerli oyunçularla oynamaqdan qorxmaq lazım deyil: “Komanda artıq bu futbolçularla uğurlar qazanıb. Mənim özümə də yerlilərlə işləmək maraqlı olacaq. Düzdür, bütün klublarda legionerlər çıxış edir. Amma mən BATE-də yerli gənclərlə bir neçə il Çempionlar Liqasında çıxış etmişəm. Bunun sayəsində şəhərin də prestiji qalxır”.

O, ölkəsinin “Şaxtyor” (Soliqorsk) klubundan ayrılmasının səbəbini də açıqlayıb: “Klub rəhbərliyi ilə aramızda fikir ayrılıqları yarandı. “Sumqayıt”dan nə zaman təklif gəldiyini deyə bilmərəm. Amma artıq “Şaxtyor”da qalmaq istəmədiyim üçün ölkə xaricinə getmək istəyirdim. Bəzi komandalarda kənar müdaxilələr olur. Bu gün burada əyləşmişəmsə, deməli, ortaq maraqlarımız və baxışlarımız var”.

Mütəxəssis “Sumqayıt”ın indiki durumunun onu qətiyyən qorxutmadığını vurğulayıb: “Komandada yaxşı futbolçular var. Klubun maddi-texnii bazası da qənaətbəxşdir. Söz vermək düzgün olmaz. Amma futbolçular maksimum dərəcədə öz peşəkarlıqlarını ortaya qoyacaqlar. Bu da mövsümün sonunda bizə uğur qazandıracaq”.

Baqa 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə də aydınlıq gətririb: “Futbol elə sahədir ki, burada şayiələr çox olur. Hazırda heç bir başqa təklif məni maraqlandırmır. Bütün düşüncələrim “Sumqayıt”la bağlıdır. Bura gələndən özümə qarşı böyük diqqət sezilir”.

Baş məşqçi ilk dəfə Azərbaycan futbolu ilə avrokuboklarda “Qarabağ”la qarşılaşanda tanış olduğunu deyib: “Yerli klubları analiz etmişik. “Qarabağ”ı çıxsaq, digər klubların bərabərsəviyyəli olduğunu görürük. Komandaların heyətində maraqlı oyunçular var. Rusiyalı mütəxəssis Murad Musayev “Sabah”da çalışır. Qazaxıstanda süni örtüklü stadionlarda oynayırdıq və bu da matçın baxımlılığını azaldırdı. Azərbaycanda bu sarıdan problem olmayacağını düşünürəm”.

​Baqa sonda UEFA Millətlər Liqasında eyni qrupa düşmüş Azərbaycan və Belarus yığmalarının öz aralarında keçirəcəkləri matçlara da toxunub: “Hər şey yaxşı olacaq. Amma bilmirəm kimin xeyrinə (gülür). (Report)


Digər xəbərlər

Xəbər xətti