Nikola Yurçeviç: "Millətlər Liqasında oynamaq daha asandı"

13:41 8 Yanvar 2022

“Azərbaycanla bağlı xatirələrim gözəldir. Hərdən AFFA rəsmiləri, keçmiş iş yoldaşlarımla əlaqə saxlayıram”. Bunu futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan yığmasının Millətlər Liqasında münasib qrupa düşdüyünü söyləyib. Onun sözlərinə görə, dünya çempionatının seçmə qrup mərhələsindən fərqli olaraq, Azərbaycan üçün Millətlər Liqasında oynamaq daha asandır: “Dünya çempionatının seçmə qrupları milli komandanız üçün həmişə çox çətin olub. Çünki Azərbaycanın yer aldığı qruplarda bir neçə yüksək səviyyəli komandalar yer alır. Millətlər Liqasına gəlincə, bu yarışda mübarizə aparmaq sizin yığma üçün daha asandır. Yəni, qrupdakı komandalar arasında keyfiyyət fərqi o qədər də böyük deyil”.

Azərbaycan yığması Millətlər Liqasında Slovakiya, Belarus və Moldova/Qazaxıstan cütünün qalibi ilə qarşılaşacaq. Yurçeviçin fikrincə, qrupun favoriti  Slovakiyadır: “Onlar daha çox beynəlxalq təcrübəyə və Avropa klublarında oynayan futbolçulara malikdirlər. Baş məşqçi Canni de Byazi bildirib ki, məqsəd qrup qalibi olmaqdır. Onun məqsədini və optimizmini başa düşürəm. Çünki Slovakiya yaxşı komandadır, amma Portuqaliya, Serbiya və ya Xorvatiya kimi səviyyəli deyillər. Düşünürəm ki, Azərbaycan yığması hazırda Moldova və Belarusdan daha yaxşıdır”.

Xorvatiyalı mütəxəssis “Qarabağ” klubunun Konfrans Liqasının pley-off mərhələsində  “Marsel”lə (Fransa) oyunlarda şansını da dəyərləndirib. Onun fikrincə, fransızlara qalib gəlmək mümkünsüz deyil: “Qarabağ”ın çox yaxşı baş məşqçisi var. Çox yaxşı klubdur. Uzun illər Azərbaycan futbolunu Avropada uğurla təmsil edib. “Qarabağ” qrup mərhələsində çox yaxşı oynadı və Azərbaycan futbolu üçün böyük uğur qazandı. Amma “Marsel”ə qalib gəlmək çətin olacaq. Fransızlar cütün favoritidir, amma “Qarabağ”ın da qalib gəlmək şansı var. Çünki illərdi avrokuboklarda təcrübə toplayıb. Azərbaycanın ən yaxşı oyunçuları ilə səviyyəli legionerləri arasında yaxşı birləşmə var. “Qarabağ”a uğurlar arzulayıram”.


Digər xəbərlər

Xəbər xətti