"İlk hissədə istədiyimiz futbolu sərgiləyə bilmədik" - Sənan Qurbanov

19:16 7 Fevral 2022

"Qələbə qazanmaq istəyirdik. Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə istədiyimiz futbolu sərgiləyə bilmədik. Sadə toplar itirdik və bu, daha çox müdafiədən oynamağımıza səbəb oldu. Azlıqda qaldıqdan sonra müdafiəni fikirləşməyə məcbur idik. 60-cı dəqiqədən sonra risk etdik".

Bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbano Azərbaycan Premyer Liqasının 15-ci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bəzi oyunçular komandanı tərk etdi. Transferlər də etməyə çalışdıq. Natan Oduvanı heyətimizə cəlb etmişik. Hazırda oynayacaq durumda deyil. Santosla Netu zədəyə görə iki dəfə komanda ilə məşq edib.

Biz də ölkə xaricində hazırlıq keçmək istəyirdik. Amma mövcud vəziyyətlə bağlı öz bazamızda hazırlaşdıq. Bəhanə axtarmayacağam. Həm fiziki, həm də texniki-taktiki cəhətdən hazırlaşmağa çalışdıq. Bu gün məni məyus edən məqam qol imkanı yaratmamağımız idi”.

Qurbanov böyük məmnuniyyətlə Şamaxını təmsil edəcəklərini söyləyib: "Martdan artıq Şamaxını təmsil edəcəyik. İstəyirik həmin  dönəmdə də azarkeş ordusu olsun, dəstək olsun. Marta qədər oyunlar olacaq ki, komandamız optimal formasını yığa bilsin. Çalışacağıq ki, bizə bəslənilən ümidləri doğruldaq".


Digər xəbərlər

Xəbər xətti