Qış Olimpiya oyunlarına qatılan bir çox idmançılar Pekindəki təşkilatçılıqdan şikayət edir. Xorvatiyalı snoubordçu Lea Yuqovaç hələ Oyunların ilk günündə böyük biabırçılıq yaşayıb.
Leanın yarışdan bir gün əvvəlki korona testi pozitiv çıxıb. O, ertəsi yenidən test verməli olub. Prosedur uzun çəkib, təcili yardım maşını ilə Olimpiya kəndinə qayıdanda tıxaca düşüb. Sürücü gecikdiyini gördüyü üçün digər nəqliyyat vasitələrini ötməyə, belədə kəskin dönüşlər etməyə çalışıb ki, nəticədə idmançı bir neçə dəfə oturacaqdan yerə yıxılıb. Səhərə yaxın isə test nəticələrinin mənfi olması barədə bildiriş alıb. Lakin o, stress və yuxusuz gecə səbəbiylə ilk çıxışı buraxmaq qərarına gəlib.
Rusiyalı biatlonçu Valeriya Vasnetsovanın durumu isə daha acınacaqlıdır.
O, koronavirusa yoluxduğu üçün bir neçə gündür ki, karantinə alınıb. Vasnetsova xarici aləmdən tamamilə təcrid olunduğu karantin otelinə yerləşdirilib və ona yemək çatdırılıb.
Ancaq yeməyin fotosunu "İnstagram"da yerləşdirən Vasnetsova şikayətlənib. İdmançıya verilən yemək bir neçə kartof dilimindən, sous, bir parça balıq, makaron və sümükdən ibarətdir. Rusiyalı idmançı səhər yeməyi, nahar və şam yeməyində beş gün ardıcıl olaraq eyni yeməyi qəbul etdiyini iddia edir: "Qarnım ağrıyır, çox solğunam və dərimdə iri qara dairələrvar. Hər gün ağlayıram, çox yorğunam".