Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən “Qarabağ” klubu yarışın play-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, 17 fevral tarixdə Fransada, 24 fevral tarixdə Azərbaycanda meydana çıxacaq “Qarabağ” klubu vacib qarşılaşmalara daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Azərbaycan Premyer Liqasının XVI turunda 20 fevral tarixdə “Sumqayıt”a qarşı keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib.
Peşəkar Futbol Liqası “Qarabağ”ın ölkə idmanı üçün vacib olan oyunlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq aşağıdakı qərarı qəbul edib:
Azərbaycan Premyer Liqasının XVI turunun “Qarabağ” – “Sumqayıt” oyunu 20 fevral tarixindən 12 may tarixinə təxirə salınsın.