"Belə məğlubiyyətlər adama pis təsir edir. Son dəqiqədə buraxdığımız qol üzücü idi. Amma futbolçular hazırlaşmışdı, istəkli idi. Oyunda da mübarizə apardılar".
Bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda evdə "Sabah"a uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.
O, "ASK Arena"dakı son matçlarından xal qazana bilmdəikləri üçün təəssüfləndiyini bildirib: "Pis təəssüratla ayrılırıq. İstəməzdik ki, uzun müddət oynadığımız yerlə belə vidalaşaq. İnanırıq ki, Şamaxı bizim üçün düşərli olacaq, qol imkanlarından yararlanacağıq. Sanki üzərimizdə lənət var".
Sənan Qurbanov ev oyunlarını keçirəcəkləri Şamaxıya matçdan bir gün əvvəl gedəcəklərini deyib: "Oyundan bir gün qabaq Şamaxıya gedəcəyik. Hələ ki, belə olacaq. Ondan sonra necə olacağı bizə deyiləcək. “Sumqayıt”la oyundan bir gün əvvəl Şamaxıya yollanacağıq. Mən də planlaşdırıram ki, gedim stadiona baxım. Rəhbərlikdən gedən olub, meydança yenidir, oynamaq lazımdır. Qalacağımız yerə də baxıblar, hər şey qaydasındadır".