Azərbaycan millisinin üzvü Maksim Medvedev sabah Latviya ilə keçirəcəkləri yoldaşlıq oyunu barədə danışıb.
Sportarena.az xəbər verir ki, o, görüşdən öncə təşkil olunan mətbuat konfransında futbolçuların psixoloji tərəfdən gərgin olduqlarını deyib:
"Malta ilə fərqli oyun sistemi ilə çıxış etdik. Bunları lövhədə göstərmək mümkündür, meydanda etmək isə çox çətindir. Çünki hər bir futbolçu həmin situasiyanı dərk etməlidir. Bəzi məqamlarda futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə olmasını istəmirdi. İrlandiaya qarşı daha konkstruktiv hücumlar qururduq. Malta onlardan səviyyəcə aşağı olsa da, biz ikinci nömrə kimi oynayırdıq. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Bəzən meydanda xaos yaranırdı. Psixoloji və media tərəfdən üstümüzə hücumlar var. Bəziləri sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır".
Qeyd edək ki, Azərbaycan yığması martın 29-da Maltada Latviya ilə yoldaşlıq görüşü keçirəcək. Qarşılaşma 15:00-da başlayacaq.