DÇ-2022-yə vəsiqəni təmin edən ölkə sayı 29-a çatdı

10:30 31 Mart 2022

Daha iki ölkə futbol üzrə dünya çempionatında iştirak hüququ qazanıb. CONCACAF zonasında 14-cü turun oyunlarından sonra Meksika və ABŞ yığmaları da mundiala vəsiqəni təmin edib.
 
Meksika millis El Salvadoru qəbul edib. Mexiko şəhərindəki “Astek” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə Meksika millisinə bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak imkanı verib. Salvador isə seçimin nəticələrinə görə qrup mərhələsində yeddinci yeri tutub.
 
Turun digər oyununda Panama millisi evdə Kanada millisini 1:0 hesabı ilə məğlub edib. Bundan əvvəl Kanada yığması artıq dünya çempionatına vəsiqəni təmin edib. Kanadalılar təsnifat mərhələsinin qrup mərhələsində birinci, Panama isə beşinci yerdə qərarlaşıb.
 
ABŞ millisi seçmə mərhələnin son oyununda Kosta Rikaya 0:2 hesabı ilə uduzub. Bu nəticəyə görə, komandalar eyni xal toplayıb - 25. Lakin ABŞ millisi top fərqinə görə daha öndə qərarlaşıb. Paralel görüşdə Yamayka Hondurası qəbul edib. Qarşılaşmada meydan sahibləri qalib gəlib - 2:1.
 
Beləliklə, Şimali Amerikadan Kanadanın ardından Meksika və ABŞ yığmaları mundialda iştirak hüququ əldə edib. Hazırda DÇ-2022-nin 32 iştirakçısından artıq 29-u məlumdur. Bu günə kimi DÇ-2022-də oynamaq hüququnu bu komandalar qazanıblar:
 
Avropa: İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə
 
Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay
 
Afrika:  Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis
 
Asiya: İran, Qətər (təşkilatçı ölkə), Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya
 
Şimali Amerika: Kanada, ABŞ, Meksika
 
Daha 3 iştirakçı milli komandadan ən sonuncusu iyun ayında müəyyənləşəcək.
 
DÇ-2022-nin püşkatması aprelin 1-də keçiriləcək. Mundial 21 noyabr-18 dekabrda olacaq.


Digər xəbərlər

Xəbər xətti