Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər futbol üzrə Rusiya Premyer Liqasını 40 legioner tərk edib. Bu haqda Rusiya mətbuatı məlumat yayıb.
Moskva “Spartak”ının isveçli hücumçusu Cordan Larsson ölkəni tərk edən sonuncu legionerdir. O, digər əcnəbi oyunçular kimi, FİFA-nın qeyri-transfer pəncərəsi dövründə Rusiya və Ukraynada oynayan legionerlərə müharibə səbəbindən verdiyi azad agent statusundan yararlanıb.
“Krasnodar” isə ən çox legioner itirən klubdur. Bu komandanın bütün əcnəbi üzvləri (7 futbolçu, 6 məşqçi) başqa ölkələrə üz tutub.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.