Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar gündür.
Sportal.az xəbər verir ki, ölkə futbolunun ən uğurlu simalarından biri, bir çox ilklərə imza atan mütəxəssis yubiley – 50-ci yaşını tamamlayır.
Futbolçu kimi Azərbaycan millisi tarixinin bombardiri olan Qurbanovun məşqçilik karyerası daha parlaqdır. İlk iş yeri olan “Neftçi”də ölkə çempionatının gümüş medalını qazanan mütəxəssis “ağ-qaralar”la UEFA kubokunda çıxış edib. Onun daha böyük uğurları isə “Qarabağ”la bağlıdır. 2009-cu ildə Ağdam klubu ilə ölkə kubokunu qazanan Qurbanov sonradan bu kolleksiyaya daha üçünü əlavə etdi. Mütəxəssis kubokdan əlavə, komandanı ardıcıl 7 dəfə Azərbaycan çempionluğuna daşıyıb.
Qurbanovun rəhbərliyi altında “Qarabağ”ın qitəmiqyaslı yarışlarda da uğurları göz oxşayır. O, ardıcıl 3 dəfə komandasını Avropa Liqasının qrup mərhələsinə yüksəltdi. 2017/18 mövsümündə isə təcrübəli mütəxəssis “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla ölkə futbolunda yeni tarix yazdı. Onun komandası Avropa Liqasının 2018/19və 2019/20 mövsümlərində də qrup mərhələsində oynamaqla qitəmiqyaslı yarışların əsas mərhələsində mübarizə aparmaq ənənəsini pozmadı. Bu mövsüm isə yeni Konfrans Liqası turnirində “Qarabağ” yeni tarix yazdı. Qurban Qurbanov Azərbaycan futbolu tarixində ilk dəfə komandasını avrokubokda pley-offa yüksəltməyi bacardı. “Marsel”ə qarşı pley-off mərhələsinin Bakıdakı cavab matçındakı feyr-pley hərəkəti isə yəqin ki, heç zaman yaddaşlardan silinməyəcək.
Qurban Qurbanovu yubileyi münasibətilə təbrik edir, ona bundan sonrakı həyatında və karyerasında uğurlar arzulayırıq.