“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, o, 8:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Layiqli qələbə oldu. Futbolçularım çox yaxşı hazırlaşmışdı. İlk dəqiqələrdən hiss olundu ki, hamısında yüksək konsentrasiya var. Futbolçularımı təbrik edirəm. Bu cür qalibiyyətlər il ərzində nadir hallarda olur. O da bu günə düşdü. Futbolda belə məğlubiyyətlərdən qaçmaq mümkün deyil. Vacib qələbə əldə etdik. Rəqibə uğurlar arzu edirəm. Bu komanda ilə səfər matçlarımız ağır ola bilər.
Bütün matçlara eyni ciddiyətlə yanaşırıq. Oyunçularımı hər matça daha yaxşı hazırlamaq istəyirəm. Onların ustalıq səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni edirik. Qarşıdakı hər bir matç bizim üçün vacibdir".
Qurbanovun sözlərinə görə, hər bir qələbə onun üçün ən yaxşı hədiyyədir: "Açığı, deyən olmadı ki, bu qələbə sizin üçün hədiyyədir. Amma istənilən halda sağ olsunlar".
Baş məşqçi bu gün het-trik edən İbrahima Vadji ilə bir neçə klubun maraqlandığını etiraf edib: "Bəli, belə bir şey var idi. Amma Vadji bizim vacib oyunçularımızdan biridir. Özünəməxsus keyfiyyətləri var. Bu gün onları nümayiş etdirdi. Çalışıram ki, hər oyunçu şans qazansın. Vadji əvvəllər start heyətində oynayırdı. Sonra Ramil Şeydayevə şans verdik. Qarşıdakı matçlarda bu cür dəyişikliklər edəcəyik”.