Karyerasını bərpa edərək ölkə çempionu olan idmançı Portuqaliyaya aparılmadı

14:30 20 Aprel 2022

Azərbaycan karateçiləri 22-24 aprel tarixlərində mövsümün ikinci Karate1 Premyer Liqa turnirində iştirak etmək üçün Portuqaliyanın Matuzinyuş şəhərinə yollanıb.

Sportarena.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 14 idmançı yer alıb.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov məsul yarışda Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü -60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi -67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi -84 kq), Asiman Qurbanlı və Osman Osmanlıya (hər iksi +84 kq) üstünlük verib.

Qadınların baş məşqçisi Denis Morozov isə Mədinə Sadiqova (-50 kq), İlahə Qasımova (-55 kq), Ayla Rzazadə (-61 kq) və İrina Zaretskayanı (-68 kq) müşayiət edəcək. Beynəlxalq hakimlərdən Cahangir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olacaqlar.

Matuzinyuşda Karate1 Premyer Liqa turnirinə 58 ölkədən 351 idmançı qatılacaq.

Qeyd edək ki, əvvəl sifariş olunmuş idmançılardan yanvarda karyerasını bərpa edərək ölkə çempionu olmuş Ayxan Mamayev (-84 kq) və Fəridə Əliyeva (+68 kq) yarışa aparılmayıblar. Əvəzində İlahə Qasımova (-55 kq) heyətə daxil edilib.


Digər xəbərlər

Xəbər xətti