Boks millimizdə yeni baş məşqçi

11:40 26 Aprel 2022

Kişi boksçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyinatı rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb. Qurumun İdarə Heyətinin qərarına əsasən millini kubalı Pedro Roke çalışdıracaq. 

 

Təcrübəli mütəxəssis ilə Paris-2024 Yay Olimpiya Oyunlarının sonunadək müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi Azərbaycan millisinin iştirak edəcəyi hər bir yarışda, xüsusilə də Olimpiadada uğurlu çıxış etmək tapşırığı qoyulub.

 

Pedro Roke 2014-2016-cı illərdə də yığmamızı çalışdırıb. Boksçularımız onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda tariximizin ən yaxşı nəticəsinə imza atıblar. Həmin vaxt Lorenzo Sotomayor (64 kq) 4 illiyin ən möhtəşəm yarışında finala yüksəlməklə və yekunda gümüş medal qazanmaqla millimizə ilk yaşadıb. Həmçinin Kamran Şahsuvarlı (75 kq) da Rio-2016-nı bürünc mükafatla başa vurub.

 

Komandamız Pedro Rokenin rəhbərliyi altında digər yarışlarda da uğurlu nəticələr qazanıb. Milli kubalı mütəxəssislə 2015-ci ildə Qətərin paytaxtı Dohada 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib ki, bu da mundiallarda hələlik mükafat sayına görə ən yaxşı göstəricimizdir. Həmin vaxt Elvin Məmişzadə (52 kq) dünya çempionu tituluna sahib olub, Albert Səlimov (60 kq) gümüş, Pərviz Bağırovla (69 kq) Abdulqadir Abdullayev (91 kq) bürünc medala yiyələnib.

 

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında Pedro Rokenin rəhbərliyi altında boksçularımız 10 çəki dərəcəsindən 9-da fəxri kürsüyə yüksəliblər. Yığma 6 qızıl, 1 gümüş və 2 bürünc medalla yarışın ən güclüsü adını da qazanıb. Təmsilçilərimizdən Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) çempion tituluna yiyələniblər. Xaybula Musalov (75 kq) gümüş, Tayfur Əliyevlə (56 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medala sahib olub. Həmçinin Rüfət Hüseynov (49 kq) həmin ildə Avropa çempionatında üçüncü yeri tutub.

 

İBA-nın (əvvəlki AİBA) 3 ulduzlu çalışdırıcısı olan Pedro Roke 2009-cu ildə AİBA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib.

 
 


Digər xəbərlər

Xəbər xətti