Bu gün Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Sportarena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.
Azərbaycan Yelkənli İdman Federasiyasının hesabatı dinlənilib, federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Təşkilatın bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılması qərara alınıb.
Ardınca federasiya rəhbərliyinə yeni seçki baş tutub. Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib. Konfransda həmçinin, Burcu Alqon Girogianni federasiyanın vitse-prezidenti, Asif Mehdiyev, Ülvi Həsənov və Tatyana Srebnaya isə İcraiyyə Komitəsinə üzv seçiliblər.
Federasiya prezidenti çıxış edərək yenidən etimad göstərildiyi üçün təşəkkür edib və bundan sonra görüləcək işlər, yeni planlar barədə məlumat verib.
Qeyd edək ki, Qüdrət Qurbanov 2014-cü ildən federasiyaya rəhbərlik edir.
Yeri gəlmişkən, Azərbaycan Yelkənli İdman Federasiyasının adı dəyişdirilib. Bu barədə federasiyanın Ümumi Yığıncaq üzvü, MEDİA-nın direktoru Əhməd İsmayılov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qurum bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılacaq.