Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, yığıncaqda mayın 21-31-də Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq kişi boksçular arasında Avropa çempionatında iştirak məsələsi müzakirə edilib.
Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasına may ayında keçiriləcək seçkilər, idmançılarımızın boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq may ayında Avropa çempionatına qatılmamaq barədə qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan boksçuları cari ilin mart və aprel aylarında mübarizə apardıqları son 2 Avropa birinciliyində uğurlu çıxışları ilə yadda qalıblar. Onlar U-22-lərin qitə çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla boks tariximizin 10 il əvvəlki rekordunu təkrarlayıblar.
Gənc boksçular arasında Avropa birinciliyində isə komandamız 3 illik fasilədən sonra yeni uğura imza ataraq çempionluq əldə edib. Komandamız yarışı 1 qızıl və 1 bürünc medalla bitirib.