Bu gün Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı start götürəcək.
Sportarena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayacaq.
Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Savva Karakizidi (Yunanıstan), Əhməd Yusifov (60 kq) Riko Bernabeu (İspaniya) ilə üz-üzə gələcək.
Yaşar Nəcəfov (66 kq) 1/16 finalda Radu İzvoryanu (Moldova), İbrahim Əliyev (66 kq) Tal Fliker (İsrail) ilə görüşəcək.
Qadınlardan Şəfəq Həmidova (48 kq) 1/8 final mərhələsində Xuliya Figeroanın (İspaniya), Ramilə Əliyeva (48 kq) Katarina Koştanın (Portuqaliya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.