"Neftçi" baş məşqçi dəyişikliyi astanasındadır.
Sportarena.az futbolpress.az saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Samir Abasovla yolları ayıracaq. Bu, mövsüm başa çatdıqdan sonra reallaşacaq. Abasovla bağlı səbr kasasını daşıran məqam "Qəbələ" ilə Premyer Liqa matçından sonra (0:1) azarkeşlərlə bağlı səsləndirdiyi fikirlərdir. Həm komandanın mövsümü titulsuz başa vurması, xüsusilə ölkə kubokunda "Zirə"yə məğlubiyyət, həm də ehtiyatsız açıqlamaları Abasovun komandada qalmamasını labüdləşdirib.
"Neftçi" artıq yeni baş məşqçi axtarışına çıxıb. Komandanın növbəti çalışdırıcısı yerli yox, əcnəbi olacaq. Hazırda mümkün variantlar dəyərləndirilir. Yaxın zamanda münasib namizədlərlə danışıqlar başlayacaq.