"Komandamız birinci yeri tutdu. "Qarabağ" komandasını, qarabağlıları təbrik edirəm. Bu gün bizim üçün çox qiymətlidir. Sevincimizin həddi-hüdudu yoxdur".
Bu sözləri "Qarabağ" klubunun şəhid azarkeşi Məhəmmədəli İbrahimlinin atası Mütəllim İbrahimli deyib. O, Ağdam təmsilçisinin Premyer Liqada çempionluq münasibətilə mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verib. Şəhid atası "Qarabağ"ın prezidenti Tahir Gözəl və baş məşqçi Qurban Qurbanova onu unutmadıqlarına görə təşəkkürünü bildirib:
"Sevinirəm ki, dostlar bizi yaddan çıxarmayıb. Qurban müəllim çox sağ olsun, unutmayıb. Bu gün məni dəvət etdi və gəldim baxdım. Bir də qeyd etmək istəyirəm ki, Tahir müəllimdən də Allah razı olsun. O, bizim üçün dəyərli adamdır. Şəhid oğlum Məhəmmədəlinin xatirəsinə edilən tədbirlərin hamısı ürəyimcə oldu. Allah hamısından razı olsun".
Qeyd edək ki, Məhəmmədəli İbrahimli 13 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı dünyasını dəyişib. "Qarabağ" 9-cu çempionluğu münasibəti ilə qızıl medallarından birini şəhidin atası Mütəllim İbrahimliyə təqdim edib.