"Təşkilatçılara belə yarış keçirdikləri üçün minnətdarlığımı bildirirəm. Artıq ikinci ildir ki, bu turnir təşkil olunur".
Bunu gənclər və idman naziri Fərid Qayıbov İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib.
B qrupunda "Suqovuşan" və "Xocalı" komandaları arasındakı matçı izləyən nazir turnirin futbolun təbliğatı baxımından önəmli olduğunu bildirib: "Çünki burada idman jurnalistlərimiz oynayırlar və digər təşkilatlara yaxşı nümunə olurlar. Sizə həmişə idmanda olmağınızı arzu edirəm".
F.Qayıbov "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının qalibi olması münasibəti ilə də təbrik edib: "Çempionatın digər medalçılarını və avrokuboklara vəsiqə qazananlar komandaları da təbrik edirəm. Premyer Liqadakı komandaların sayı da artıb. Ümid edirəm ki, Qarabağda, işğaldan azad olunmuş torpaqlarımızda stadionlar tikiləcək və orada da azarkeşlər olacaq. Bunun bütün Azərbaycanda olmasını istərdim. Stadionlarımız yalnız final matçlarında deyil, bütün qarşılaşmalarda dolsun. Bunun üçün hamımız bərabər çalışmalıyıq. Nazir kimi azarkeşlik etdiyim komandanın adını deyə bilmərəm. Bütün komandalara azarkeşlik edirəm. Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların hamısına uğurlar arzulayıram". (qol.az)