Səfərdə yaxşı komanda ilə oyuna başlamaq asan olmayacaq" - Canni De Byazi

14:45 30 May 2022

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Qazaxıstan mətbuatına müsahibə verib. 
 
Sportarena.az xəbər verir ki, "sports.kz"a danışan italiyalı məşqçi Millətlər Liqasının iyunun 3-də Qazaxıstana qarşı keçiriləcək matçı barədə danışıb.

- Komandanız Millətlər Liqasındakı ilk oyununu Qazaxıstana qarşı keçirəcək. Bu turnirə uğurla başlamaq Azərbaycan üçün nə dərəcədə önəmlidi?
- Mənim ölkəmdə belə deyirlər: yaxşı başlayanlar artıq öz işinin yarısını görmüş olurlar... Biz yaxşı bilirik ki, səfərdə yaxşı komanda ilə oyuna başlamaq asan olmayacaq, amma biz üç xal gətirməyə çalışmalıyıq. Bunu özümüz, Azərbaycan xalqı və federasiyamız, ən əsası bayrağımız üçün etməliyik.

- İyunda qrupumuzun komandaları yarışda 10 gün ərzində dörd oyun keçirəcək. Bu təqvim haqqında nə düşünürsünüz?
- Bilirəm ki, qısa zamanda 4 oyun oynamaq asan olmayacaq. Qısa müddətdə bir neçə uçuş etdikdən sonra dincəlmək lazımdı. Amma bu, mümkün deyil. Çünki beynəlxalq təqvim çox sıxdı.

- Azərbaycan yığmasının açıqlanan ilkin siyahısında cəmi 15 futbolçu yer alıb. Niyə?
- Çünki cümə günü, mayın 27-də Azərbaycan kubokunun final oyunu baş tutdu. Mən bu matçda iştirak edən futbolçuların konsentrasiyasını pozmaq istəmədim.

- Qazaxıstana ən güclü azərbaycanlı futbolçuları gətirmək fikrindəsiniz?
- Təbii ki!

- Maraqlıdır, sizcə, Qazaxıstan millisinin ən yaxşı oyunçuları kimlərdir?
Mən adətən sırf rəqib komandaya baxıram, nə onun fərdi xüsusiyyətlərini, nə də oyun tərzini açıq şəkildə mühakimə edirəm. Təbii ki, Qazaxıstan yaxşı oyunçuları olan komandadır.

- Maqomed Adiyevin rəhbərlik etdiyi komandadan nə gözləyə biləcəyinizi təsəvvür edə bilərsinizmi?
- Məncə, o, uğur qazanmaq, qalib gəlmək istəyir! Amma biz özümüz də onu istəyirik.

- Qazaxıstanda keçiriləcək qarşılaşma "Astana Arena"nın süni örtüklü meydançasında baş tutacaq. Bu, komandanız üçün problem ola bilərmi?
Hər iki komanda üçün meydança eynidi. Amma sünii örtüklü meydançadan mənim xoşuma gəlmir.

- Millətlər Liqası turniri üçün Azərbaycan millisinin qarşısına hansı vəzifə qoyulub?
- Mümkün qədər yaxşı çıxış etmək.

- Sizcə qrupumuzun favoriti hansı komandadı?
Slovakiya.


Digər xəbərlər

Xəbər xətti