Millimizin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 1-ci turunda Qazaxıstanla səfər oyunu öncəsi mətbuat konfransı keçirib.
Sportarena.az xəbər verir ki, o, budəfəki Millətlər Liqasının ilk mövsümdən fərqli olacağına inandığını deyib: "Sabahkı matç üçün heyəti müəyyənləşdirmişəm. Amma indi bunu açıqlaya bilmərəm. Sabah oyundan əvvəl biləcəksiniz. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var”.
İtaliyalı mütəxəssis yığmanın Qazaxıstan, Slovakiya və Belarusla birgə yer aldığı C liqasının 3-cü qrupun güclü olduğunu söyləyib: "Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq".
De Byazi düşündüyü bütün futbolçuları növbəti oyunlar üçün milliyə çağırdığını deyib: “Bəzi oyunçular var ki, gələcəkdə milliyə düşəcəklər. Amma hazırda ən yaxşılar heyətdədir. Heyətdə itki yoxdur. İlk matç çox önəmlidir. Uğurlu başlanğıc etmək vacibdir".
Baş məşqçi matçın keçiriləcəyi stadionun qazonunun süni olması barədə də danışıb: "Bu, problem olmamalıdır. Azərbaycanda da bu cür meydançalar var. Əsas çatışmazlıq kimi təqvimin sıx olmağını qeyd edə bilərik. Çünki oyunlar üç gündən bir olacaq”.
Qeyd edək ki, sabah keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.