Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Sportarena.az xəbər verir ki, yarışda bu gün Azərbaycanın daha 3 cüdoçusu 1/16 final mərhələsindən mübarizəyə başlayıb. Telman Vəliyev (73 kq) ilk görüşündə türkmənistanlı İlham Kemalovu məğlub edib, lakin növbəti qarşılaşmasında yerli idmançı Georgi Çixelidzeyə qızıl xal bölümündə uduzaraq, mübarizəni dayandırıb. Zelim Tçkayev (81 kq) Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini yendikdən sonra kanadalı Etyen Brayana da qalib gəlib. O, 1/4 finalda Ukraynanı təmsil edən erməni Gevorq Manukyandan üstün olub. Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə qarşılaşacaq.
Elcan Hacıyev (81 kq) isə ilk görüşündə qırğızıstanlı Vladimir Zoloyevi, daha sonra moldovalı Viktor Sterpunu üstələyib. 1/4 finalda isə o, tacikistanlı Şodmon Rizoyevi yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda rəqib cənubi koreyalı Junhvan Li olacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.