Azərbaycan gimnastları Avropa çempionatında 1 qızıl və 1 bürünc medal qazandı

15:39 4 İyun 2022

Mayın 1-də İtaliyanın Rimini şəhərində start götürən batut gimnastikası və tamblinq üzrə 28-ci Avropa çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, yarışda millimizin üzvləri 1 qızıl, 1 bürünc medal qazanıblar.

 

Komandamıza ən yüksək nəticəni gənclər arasında batut üzrə sinxron cütlüyümüz Maqsud Mahsudov və Hüseyn Abbasov qazandırıb. Belə ki, onlar sinxron proqramda bütün rəqiblərini üstələyərək 48.420 xalla fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

 

Tamblinq üzrə yığmamızın üzvləri Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) böyüklər arasında komanda yarışında bürünc medala sahib çıxıblar.

 

Bu gün Avropa çempionatında tamblinq üzrə gənclər arasında komanda yarışlarının finalı təşkil ediləcək. Komanda yarışlarında ölkəmizi gimnastlarımız Bilal Qurbanov, Aleksey Karataşov, Hüseyn Əsədullayev təmsil edəcəklər.

 

Sabah fərdi proqramda tamblinq üzrə final mərhələsi, batut üzrə  yarımfinal mərhələsi keçiriləcək.  
Tamblinq üzrə fərdi proqramda böyüklər arasında Mixail Malkin və Tofiq Əliyev, gənclər arasında isə Hüseyn Əsədullayev çıxış edəcəklər.

 

Batut üzrə fərdi proqramda gənclər arasında Hüseyn Abbasov və Maqsud Mahsudov, böyüklər arasında isə Selcan Mahsudova mübarizəyə qoşulacaq.

 

Xatırladaq ki, mayın 26-dan 28-dək eyni şəhərdə batut gimnastikası və tamblinq üzrə keçirilən 3-cü “Aere Trampoline Cup” beynəlxalq turniri və Dünya kubokunda da idmançılarımız uğurla çıxış etmişdilər.  Belə ki, beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal, Dünya kubokunda isə tambliq üzrə 1 gümüş medal əldə olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti