Güləş yığmamız Avropa çempionu oldu

22:52 15 İyun 2022

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Azərbaycan millisi həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza atıb. 

Qitə birinciliyinə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayevlə Elvin Mürsəliyevin rəhbərliyi altında yollanan 10 idmançıdan 8-i fəxri kürsüyə qalxıb. Fəraim Mustafayevlə (55 kq) Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb.

Beləliklə, 2 qızıl 5 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə U-17 yığmamız 175 xal toplayaraq aşkar üstünlüklə Avropa çempionu olub. Azərbaycan 2-3-cü yerləri bölüşən Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb. Bununla da millimiz titulunu qoruyub. 

Xatırladaq ki, komandamız ötən il Bolqarıstanda keçirilən analoji yarışda 155 xalla Avropa çempionu olmuşdu.


Digər xəbərlər

Xəbər xətti