"Bir neçə futbolçu ilə artıq razılıq əldə olunub" - Ayxan Abbasov

13:49 17 İyun 2022

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportarena.az xəbər verir ki, 41 yaşlı məşqçi Tovuz təmsilçisinə baş məşqçi təyin olunmasından və komandanın iddiasından söhbət açıb:

"Yenidən Tovuzda olmaq mənim üçün çox xoşdur. Bura mənə doğmadı. Futbolçu kimi Tovuzda çox gözəl günlərim keçib. Baş məşqçi kimi yenidən burada olmaq isə tam fərqli hissdi. Açığı rəhbərlik, işçi, məşqçi heyəti və əsası azarkeşlər tərəfindən belə qarşılanmaq məni qürurlandırdı. Doqquz ildən sonra Premyer Liqaya qayıtmaq hər birimizin arzusu idi. Premyer Liqaya rəng qatmaq istəyirik. Əlbəttə, işlərimiz çoxdu.

Tovuzun futbol ənənələri hər kəsə bəllidi. Futbolumuzda iz qoymuş onlarla ad bəxş edib, hansılar ki, hazırda akademiyada çalışırlar. Birlik olmalıyıq. Həm rəhbərliyin, həm də azarkeşlərin dəstəyini tam olaraq hiss edirəm.  İnanıram ki,  tək əsas komanda deyil,  əvəzedici və aşağı yaş qrupları üzrə komandaların məşqçiləri ilə birlikdə əl-ələ verib bütün çətinliklərin öhtəsindən gələ biləcəyik.

İlk olaraq futbolçularla müqavilələr rəsmiləşməlidi. Bir neçə futbolçu ilə artıq razılıq əldə olunub və qısa müddətdə onlarla müqavilə bağlayacağıq.  İyunun 19-u Bakıda təlim-məşqlərə start verəcəyik. İlk öncə yerli futbolçuları, akademiyanın üzvlərini baxışdan keçirəcəyik. Ayın 27-dən isə hazırlığın əsas mərhələsinə başlayacağıq.  Gürcüstanda təlim-məşq toplanışı keçirməyi də planlaşdırırıq".


Digər xəbərlər

Xəbər xətti