“Qəbələ” 2022-2023-cü illər mövsümünün hazırlığının ilkin mərhələsini başa vurub.
Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" Qəbələdə təşkil olunan iki həftəlik təlim-məşq toplanışını yekunlaşdırıb. Komandamızın baş məşqçisi Elmar Baxşıyev iyunun 15-də start götürən hazırlıq barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“İki həftəlik Qəbələ toplanışı planlaşdırdığımız kimi keçdi. Sevindiricidir ki, futbolçular istirahətdən yaxşı vəziyyətdə, artıq çəkisiz dönmüşdülər. İlk günlərdə formanın aşağı olması bizi təəccübləndirmədi. Bu, gözlənilən idi. Amma ümumilikdə futbolçular məşqlərdə səy göstərib daha optimal formaya çatmağa çalışırlar. İlkin mərhələ üçün fikrimizdəkiləri yerinə yetirə bildik. Əlbəttə, heyətin daha yaxşı komplektləşməsini istəyərdik. Amma bizdən asılı olmayan məsələlər var ki, onların da üzərində işləyirik. Qarşıdakı günlərdə istədiyimiz oyunçuların da komandaya qoşulacağına inanıram”.
42 yaşlı mütəxəssis komandanın yeni transferləri, Türkiyə toplanışı və UEFA Konfrans Liqasındakı rəqibləri “Fehervar” barədə də fikirlərini bölüşüb: “Yeni oyunçular Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santosun uyğunlaşma ilə bağlı ümumi məşq prosesində və kənarda çətinlik çəkdiklərinə inanmıram. Çünki “Qəbələ”də sadəcə komanda deyil, bir ailə formalaşıb. Adaptasiya uzun çəkməyəcək. Qarşıda iki həftəlik Türkiyə toplanışı var. Bu, komandaya daha çox taktiki planda lazımdır. Bu iki matçda komandanın optimal formaya yaxınlaşacağına inanıram. “Fehervar” barədə müəyyən məlumata sahibik. Qarşıdakı günlərdə daha detallı analiz aparacağıq. Çünki çempionat bitib, hələ heyətdəki dəyişikliklər dəqiqləşməyib. Rəqibin indiki oyunlarına da baxmaq lazımdır”.