Mərhum telejurnalist, idman şərhçisi Elnur Əşrəfoğlunun həyat yolundan bəhs edən “90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi” adlı film ictimaiyyətə təqdim olunub. Tədbir Azərbaycanda mərc oyunlarının ilk qanuni ünvanı "Etopaz"ın sponsorluğu ilə keçirilib.
Filmin müəllifi və rejissoru İman Məcidov çıxışı zamanı bildirib ki, bu film gələcəkdə jurnalist olmaq istəyənlərə bələdçi ola biləcək səviyyədədir. Əsas məqsəd onlarda jurnalistikaya – xüsusən də idman jurnalistikasına istəyin artırılmasıdır. Rejissor filmin çəkilişləri zamanı həssas məqamlar yaşadığını da bildirib. O qeyd edib ki, uzun illər dostluq etdiyi Elnur Əşrəfoğlu haqda sənədli film ərsəyə gətirmək onun ötüb-keçən illər ərzində bütün xatirələrinin canlanmasına səbəb olub:
“Elnur Əşrəfoğlu çox yaxşı dost idi və onunla dostluğumuzun hər anı, hər dəqiqəsi bir film səhnəsinə bərabər idi və mənə elə gəlir ki, Elnur Əşrəfoğlu haqda lentə alınan bu film sadəcə o anların bir hissəsidir. Çalışmışam ki, filmdə Elnur Əşrəfoğlunu təkcə idman şərhçisi və jurnalist kimi yox, həm də etibarlı yoldaş olması kimi insani keyfiyyətlərini üzə çıxarım”.
Təqdimatda mərhum jurnalistin ailəsi də iştirak edib. Elnur Əşrəfoğlunun qardaşı Rəşad Şükürov filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər. Sonda filmə baxış keçirilib.
Film dünən "Space" televiziyasında yayımlanıb.