"Əlimizdəki oyunçuların hamısını iş başında görmək istəyirik" - Laurentsiu Regekampf

12:39 7 İyul 2022

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyədə yerli “Sakaryaspor”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Sportarena.az xəbər verir ki, rumıniyalı mütəxəssis klubun rəsmi TV-sinə açıqlamasında bunları söyləyib:
 
“Hazırlıq dönəmimizin ilk yoxlama matçı idi. Futbolçular üçün asan deyildi. Burada çoxlu məşq edirik. Bu görüşdə nəticə önəmli deyildi. Əsas olan futbolçuların meydanda özlərini necə göstərməsi və nə cür oynayacağımızı görmək idi. Növbəti 2 sınaq matçımız da belə olacaq. Məqsəd iyulun 21-də Kiprin "Aris" komandasına qarşı keçirəcəyimiz Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa tam hazır olmaqdır. Yoxlama görüşləri də bu işdə bizə kömək edir".
 
47 yaşlı baş məşqçinin sözlərinə görə, oyunlarla bağlı meydanda baş verən hər şey onun seçimidir: "Əlimizdəki oyunçuların hamısını iş başında görmək istəyirik. Futbolçuların nəyə qadir olduqlarını göstərmələri üçün onlara şans verməliyəm. Əsas hədəfimiz komandanı formalaşdırmaqdır. Növbəti oyunlarda ilk dəqiqələrdə meydana çıxan futbolçular daha uzun müddət oynayacaqlar. Çünki onları ilk rəsmi matça hazırlamalıyıq".
 
Regekampf bu matçda zədə problemi ilə üzləşmədikləri üçün sevindiyini söyləyib: "Oyunda müsbət və mənfi məqamlara rast gəldim. Bu, normaldır. Oyunu futbolçularla birlikdə yenidən analiz edəcəyik".


Digər xəbərlər

Xəbər xətti