“Neftçi”nin yeni transferi Ataa Caber paytaxt klubuna keçidi barədə fikirlərini bölüşüb. Sportarena.az xəbər verir ki, klub TV-sinə açıqlama verən israilli yarımmüdafiəçi məşqçi və oyunçu heyətinin onu çox yaxşı qarşıladığını bildirib:
“Neftçi”nin təklifini qəbul etmək çətin olmadı. Çünki təklif aldıqdan sonra klub haqqında maraqlandım. Ölkə xaricində oynamaq istəyirdim. Ona görə də bu qərarı asanlıqla verdim. Futbolçu və məşqçi heyəti məni çox yaxşı qarşıladı. Komandadakı ab-havanı çox bəyənirəm. Onların hamısı çox peşəkardırlar. Bunlar mənə futbolçularla dil tapmaqda və komandaya uyğunlaşmaqda daha çox kömək olur. Əlbəttə ki, Kenni Sayef və Qodsvey Donyo kimi futbolçuların mənə çox köməyi dəyəcək. Kenni ilə ötən mövsüm bir komandada oynamışıq. Onu çox yaxşı tanıyıram. Donyo ilə isə 2-3 dəfə çempionat oyununda qarşılaşmışıq.
Biz həm meydanda, həm də meydandan kənarda eyni dildə danışırıq. Sözsüz ki, bunların mənə çox köməyi olacaq. Öz üzərimizdə dayanmadan çalışırıq, məşqlər edirik. Hər məşqdə məşqçilərlə birlikdə bütün bacarığımızı ortaya qoyuruq. Əminəm ki, oyunlara qədər tam hazır vəziyyətdə olacağıq.
“Aris” haqqında, demək olar ki, məlumatım yoxdur. Əminəm ki, baş məşqçi və məşqçilər heyəti rəqibi təhlil edirlər və bizi oyuna lazımi qaydada tam hazır edəcəklər. “Neftçi”nin azarkeşləri haqqında çox məlumatım var. Komandaya faydalı futbolçu olmaq və qazanıla biləcək bütün titulları əldə etmək üçün əlimdən gələni edib, sona qədər vuruşacağam. Bunu sizə əminliklə deyirəm”.