Azərbaycan millisi Dünya Oyunlarının açılış mərasiminə qatılıb - FOTOLAR

12:43 8 İyul 2022

ABŞ-ın Alabama ştatının Birmingem şəhərində 11-ci Dünya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Mərasim "Protective Stadium" arenasında olub. 36 idman növü üzrə multi-idman oyunlarında iştirak edən 103 ölkənin nümayəndələri rəsmi paradla stadiona daxil olub. Azərbaycanı açılış mərasimində karate üzrə milli komandanın üzvləri və federasiya rəsmiləri təmsil edib. Komandaların paradında Azərbaycan bayrağını daşımaq Tokio olimpiadasının gümüş mükafatçısı, dəfələrələ Dünya və Avropa çempionu İrina Zaretskaya həvalə olunub.

Sonra Beynəlxalq Dünya Oyunları Assosiasiyasının (IWGA), Amerika Birləşmiş Ştatlarının və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı arenaya gətirilərək nümayiş etdirilib.

Rəsmi çıxışlarda Birmingem şəhərinin meri Randall Voodfin və IWGA-nın prezidenti Xose Perurena yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Müxtəlif növlər üzrə tanınmış idmançı, məşqçi, hakim və federasiya rəsmisi Dünya Oyunlarında mübarizədə Fair-Play qaydaları və idman prinsiplərinə sadiq qalacaqları üçün and içib.

ABŞ-ın aparıcı ağır sənaye şəhərlərindən olan Birmingemin tarixi və inkişafını əks etdirən kütləvi bədii kompozisiya və rəqslər, ölkənin, eləcə də Alabama ştatnın tanınmış müğənni və qruplarının ifası idman camiəsi və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Təntənəli açılış mərasimi səmada BOK-un və Dünya Oyunlarının loqotipləri, həmçinin bu multi-idman yarışında bir sıra növlərin qrafik təsviri əks olunan xüsusi effektlər nümayiş edilib.



Digər xəbərlər

Xəbər xətti