​Donald Gerye: "Qurban Qurbanov "Qarabağ"dı, "Qarabağ" isə Qurban Qurbanov"

12:24 12 İyul 2022

"Qarabağ"ın sabiq futbolçusu Donald Gerye Polşanın "TVP Sport" portalına müsahibə verib. Haitili legioner Ağdam klubunda keçirdiyi oyunları xatırlayıb, Ağdama səfərindən söhbət açıb. 

Sportarena.az həmin müsahibəni təqdim edir:

- Müsahibədən əvvəl mənə dedin ki, "Qarabağ" üçün darıxırsan. Hələ də bu komandanın oyunlarına baxırsan?
Baxıram. “Lex”lə ilk oyunu görmüşdüm və “Qarabağ”dan daha çox şey gözləyirdim. Çünki bu komandanı tanıyıram və Qurban Qurbanovun mentalitetini bilirəm. O, uduzmaq istəməyən, zəif oynanılan matçları sevməyən məşqçidir. 1:0 hesabı "Lex" üçün çox az üstünlük verir. Düşünürəm ki, “Qarabağ” növbəti mərhələyə keçəcək. Çünki Qurban Qurbanov ordu təfəkkürü olan, futbolçulardan əsgər çıxarmağı bilən adamdır. Heç kim onun kimi motivasiya edə bilməz.

- Qurban Qurbanov sizdə elə təəssürat yaradıb ki, biz söhbətə elə onun haqda başlayırıq...
- Qurban Qurbanov "Qarabağ"dı, "Qarabağ" isə Qurban Qurbanov. Orada hamı ona qulaq asır. Kiçik bir komandadan bütün şərtləri nəzərə alaraq güclü bir komanda yaradıb. Uğurlu, lakin yenə də doyumsuz bir komanda uğura can atır. Aclıq sona çatdıqda, daha heç nə qazana bilməz. Amma “Qarabağ” üçün bu, təhlükəli deyil. Mən orada bir neçə il keçirdim və indi görürəm ki, hər gün komanda daha da peşəkarlaşır. Bütün bunlar onun zəhmətidi. 

- Ona görə də 15 ildir ki, bu klubda işləyir? Polşada beləsini tapmaq mümkün deyil...
Ona Azərbaycandan kənarda çoxlu təkliflər olsa da, heç vaxt getmək istəmirdi. O, Azərbaycanı və Qarabağı təmsil etdiyinə görə fəxr edir. O, xarakteri olan, sözə müqəddəs baxan insandı. Onun sayəsində “Qarabağ” həmişə daha çox şeyə nail olmaq istəyən klubdur. Hamı ona hörmət edir, hətta onu bütləşdirirlər. Dörd il orada oldum və tez bir zamanda başa düşdüm ki, bu klubun matçları və nəticələri digərlərindən daha vacibdir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz və azarkeşlər üçün deyil, həm də döyüş bölgəsindən olan insanlar üçün oynayırıq. Heç nə onlara yerli komandanın qələbəsi qədər sevinc bəxş etmir. Biz onların gücü, ümidləri və yaşama səbəbləriyik. 

- Ağdamda olmusan?
- Bəli. Müharibə bitəndən dərhal sonra bizi ora apardılar. Oyunçulardan bəzilərinin ailələri orada idi, bəziləri isə insanların orada nələr keçirdiklərini görmək üçün onlarla getməyə qərar verdi. Etiraf edim ki, orda olandan sonra başa düşdüm ki, "Qarabağ"da nəyə görə oynayıram. Bu, mənə daha çox susuzluq və mübarizə iradəsi verdi. Mən müharibənin nə olduğunu bilirəm. Dəhşətli yoxsulluq içində yaşamağın nə olduğunu bilirəm. Mən Haitidənəm. Orada çox adam elə yaşayır ki, ona həyat demək çətindir. Amma onlar daha yaxşı sabah üçün mübarizə aparırlar. Eyni şeyi Qarabağda da gördüm.

- Bu, sizi şoka saldı?
Mən yoxsulluğun nə olduğunu bilirəm. Bu barədə həyat yoldaşıma və uşaqlarıma danışıram. Məsələn, onlar yeməyi sevməyəndə, onu atmaq istədikdə, həmişə deyirəm ki, Haitidə onlar kimi çoxlu uşaqlar var ki, onlar belə yeməkləri ancaq xəyal edə bilərlər. Övladlarımda olanlar bir nemətdir. Onlara deyirəm ki, Haitidə sizin həmyaşıdlarınızın çoxunun içməli suyu yoxdu, siz spagettini bəyənmədiyiniz üçün atmaq istəyirsiniz. Mən yoxsulluğun nə olduğunu bilirəm. Ağdamda gördüklərim ona görə məni daha da təsirləndirdi. Mən orada minalar olduğunu gördüm. Dağılmış binalar, xarabalıqlar var idi. Uşaq ayaqqabıları da yəqin ki, orada ölənlərin yeganə xatirəsi olaraq qaldı. Belə şəkillər unudulmur. Bu, məndə bu insanlar üçün mübarizə aparmaq istəyini daha da artırdı. Düşünürəm ki, komandadakı uşaqlarda da eyni şey var idi.

- Bu, “Qarabağ”ı daha da güclü komanda edir?
“Qarabağ” təkcə komanda deyil. Bu, bütöv bir cəmiyyətdir. Bu da klubda hiss olunur. Burada heç kim məcburiyyətdən işləmir. Masajçılardan tutmuş, fizioterapevtlərə, aşpazlara, mühafizəçilərə və təmizləyicilərə qədər hər kəs burada elə-belə işləmir, çünki bu, sadəcə idman klubunda işləməkdən daha çox şey deməkdir. “Qarabağ”da hamı həm futbolçunun, həm klubun, həm də Ağdamın xeyrinə hərəkət edirdi.

- Qarabağdan bir neçə yüz kilometr aralıda Bakı və tamam başqa həyat olması heyrətamizdir...
Bəziləri bunu unuda bilər. Amma mən özümü həmişə futbolçu yox, əsgər hesab etmişəm. Haiti uğrunda silahla yox, ayağımla döyüşürəm. Mən dövlətin şərəfi üçün mübarizə aparıram, çünki mən ilk növbədə haitiliyəm. Futbol isə bu ölkəyə sədaqətinizi ifadə etməyin bir yoludur. Əsl əsgərlər də döyüşür. Ölkə üçün. Bu onların vətənə dəstək üsuludur. Onlar orduya qatılıb vətən uğrunda döyüşürlər. Bir gün Haitidə müharibə başlasa, mən də əlimə silah götürməkdən çəkinməzdim. Ola bilsin ki, vətən üçün ölüb. Amma məsələ mənim həyata hörmət etməməyimdə deyil, Vətən hər şeydən önəmlidir. Damarlarınızda axan budur.

Yəqin ki, bütün bunları Bakıda görməsəniz də, Qarabağda da belədir. Bu təkcə ad və gerb deyil. “Qarabağ”ın çox mənası var. Bu əzabdır, ağrıdır, insan faciəsidir. Bu torpaq çox pis şeylərdən keçib. Biz isə futbolun köməyi ilə onlara sevinc, xoşbəxtlik və daha yaxşı sabaha inam bəxş etdik. Qurban Qurbanov hər oyundan əvvəl bizə deyirdi ki, Ağdam müharibənin davam etdiyi şəhərdi.

- Baş məşqçinin çıxışları nə vaxt sizdə daha böyük təəssürat yaratdı?
Çempionlar Liqasında oynadığımız vaxtı xatırlayıram. Rəqibimiz “Atletiko" idi. Onlar da iddialıdılar. Qurban Qurbanov bizi analiz otağına apardı. O, rəqibin video analizini göstərib, necə oynamaq lazım olduğunu bildirib və bir müddət paltardəyişmə otağında qalmağımızı istədi. "Sən bunu özün üçün etmirsən, bunu klub üçün etmirsən. İndi bunu kimin üçün etdiyinizi sizə göstərəcəm" dedi. Ağdamdan olan videonu bizə göstərdi, uşaqların ağlaması, şəhərin bombalanması, dəfn mərasimləri, matəm. Dedi ki, “Qarabağ” qol vuranda “Qarabağ”ın böyük “Atletiko”ya qarşı oynadığını görəndə bu insanlar gülümsəməyə başlayacaq”. Lənət olsun... Biz də "Atletiko"ya qarşı "Barselona" kimi oynadıq. Sonra qol vurduq, assisti mən etdim. Matç da 1:1 hesabı ilə başa çatdı.

- Bu motivasiyanın miqyasını təsəvvür edə bilirəm...
- Dostum... Qurban Qurbanov böyük xarizmaya malik məşqçidir. Mən ona “Qvardiola” və ya “digər ata” deyirdim. Xüsusilə bir şeyə ehtiyacınız olduqda, onun mənə qarşı zəifliyi vardı. Xatırlayıram ki, maaşımın vaxtı çatmamış pul lazım idi. Xəyal etdiyim avtomobili almaq istədim, amma gözləyə bilməyəcəyini söylədilər. Klubun meneceri Asif Əsgərova yaxınlaşıb ödənişin tezləşdirilməsini xahiş etdim. O, imtina etdi. Qurbanovun yuxarı mərtəbədə öz kabineti var idi. Xahişimi eşidəndə "Oh, Donn, Donni” deyərək, ah çəkdi və telefonu götürüb Asifə yığdı. "Asif, Donniyə nə qədər lazımdır? Ver ona həmin pulu" dedi. Baş məşqçi mənə bir şərt qoydu. "Donni, bir məsələ var, növbəti oyunun ən yaxşısı olmalısan". Mən də bunu etdim. Qurbanov əsl rəis idi. Qladiatordu. O, heç vaxt gülümsəmirdi, amma onun sənin üçün ata kimi olduğunu hiss edirdin. Ta ki, onu ruhdan salana qədər. Və kaş ki, onu ruhdan salmayaydım.

- Bu, necə oldu?
Haiti millisinin düşərgəsindən çox gec qayıtdım. Təyyarədə yuxuya getdim. Başqa fəsadlar ortaya çıxdı, gecikmə oldu, koronavirus üçün vaxtı keçmiş bir testim də var idi. Düşərgəyə çox gec gəldim. Qurban Qurbanov çox əsəbi idi və haqqı da çatırdı. Pulla cəzası kəsildi mənə. Bir də ehtiyata göndərilməli oldum. Sonra dedim ya biri, ya o biri. Axırda da Kiprə yollandım. Futbola gəlincə, “Qarabağ”da keçirdiyim günlərə görə peşman deyiləm. Çünki bütün ən böyük uğurlarım orada olub. Məhz orada Çempionlar Liqasında ilk haitili oldum və Avropa Liqasında çıxış etdim. Orada keçirdiyim vaxt üçün darıxıram. Görürsünüz, hətta İnstaqramda da "Qarabağ" köynəyində şəklim var. Bu xatirələr mənim üçün çox önəmlidir.

- “Qarabağ”a iki dəfə köçmüsünüz. Qısa müddətə “Neftçi”yə keçməyinizə nə səbəb oldu?
- Agentlərə etibar etməyin nə olduğunu gördüm. “Qarabağ”la müqaviləmin uzadılması ilə bağlı danışıqlar aparırdım. Agent mənə dedi ki, başqa təkliflər olana qədər gözləyin. Gözlədim, gözlədim və sonda “Neftçi” ilə daha pis şərtlərlə müqavilə bağladım. Amma orada yaxşı mövsüm keçirdim və “Qarabağ”a qayıtdım, amma daha pis şərtlərlə. Mən həmişə deyirəm ki, insan səhvindən dərs alır. Mən isə çox etmişəm bunu. 

- Ən böyük səhviniz hansı idi?
Ən böyüyü odur ki, “Qarabağ”la müqaviləni uzatmadım və nəticədə “Neftçi”yə keçdim. İkincisi, başımı qarışdıran agenti dinlədim, çünki "Braqa"ya keçə bilərdim. Orada hər şey hazır idi, amma eşitdim ki, Avropa Liqasında qarşı oynadığım Lissabon “Sportinq”i də məni istəyir. İnstaqramda Nani özü məni ora getməyə razı saldı (telefonunu çıxarıb xəbəri göstərir). Sadəcə, ora keçməyimi istəyən məşqçi danışıqlar başlamadan özü postundan getdi. Hər iki təklif də yoxa çıxdı. Eyni şey "Qarabağ"la da oldu. Karyeramın həmin mərhələsində daha məsuliyyətli olsaydım, işlər daha yaxşı ola bilərdi.

- "Qarabağ"la bağlı ən yaxşı xatirəniz hansıdır?
Çempionlar Liqasında "Atletiko" ilə bərabərə qaldığımız matç. Avropa Liqasında "Arsenal"a 0:1 uduzduğumuz görüşü də qeyd edə bilərəm. Bu cür komanda ilə, belə stadionda oynayanda, haradan gəldiyini, haradan başladığını bilmək əla hissdir. Bu heyrətamiz bir şeydir. Digər tərəfdən, ən pis matç da möhtəşəm bir stadionda keçirildi. Çempionlar Liqasının qrup mərhələsinin "Çelsi" ilə ilk oyununu deyirəm. 0:6 hesabı ilə məğlub olduq. Matçdan əvvəl hər kəs həyəcanlı idi. Sonda da bunun kabus olduğu ortaya çıxdı.

- Hər halda Azərbaycanda ən böyük kabusunuz meydandan kənarda olub...
Unudulmayacaq vəziyyətdi. Ən pis xatirələrimin ən pisidi. Öz övladınızın ölümü heç vaxt hazır olmadığınız bir şeydi. Dünən kimi xatırlayıram. Yavaş-yavaş məşqə hazırlaşırdım, amma yenə də ikinci qızım Kokonun qayğısına qaldım. Onunla oynadım, yuxuya gedəndə onu yatağa qoydum. Onun yanında Mia-Manetta var idi. Yadımdadır ki, onun hıçqırıqları var idi. Mənə səhər yeməyi hazırlayan həyat yoldaşım Zuzudan ona baxmasını xahiş etdim. Hər şey normala döndü və Mia da yatmağa getdi. Səhər yeməyi yedim, duşa girdim və məşqdən dərhal əvvəl yoldaşıma dedim ki, qıza baxsın. Həmin vaxtı isə Mia artıq həyatını itirmişdi. Onu diriltməyə çalışdım, nəsə etməyə çalışdım. Amma heç nə. Mən heç vaxt bu qədər aciz olmamışdım.

- Amma bir neçə gün sonra Çempionlar Liqasının oyununda oynadın. Bunun üçün gücü haradan alırsınız?
Mia həyatını itirdikdən sonra kluba zəng etdim. Qurban Qurbanov özünü fantastik apardı. O, maşına mindi, yanıma gəldi və mənə dedi: “Donni, çox təəssüflənirəm. "Qarabağ" kömək edə biləcəksə, biz edəcəyik. Klub üçün narahat olma. Klub indi hər şey sizin üçündür. Nə qədər ehtiyacın varsa, ailənlə birlikdə qal. Bir aya ehtiyacın varsa, bir ay qal, altı aya ehtiyac varsa, altı ay qal. Heç nəyə görə narahat olmayın. Biz sənən hər şeyi ödəyəcəyik. Sənə ən çox ehtiyac duyulan yer ailəndi. 


Digər xəbərlər

Xəbər xətti