Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Çempionlar Liqasının birinci mərhələsinin dünən keçirilən “Qarabağ” – “Lex”matçının təşkilatçılığı ilə bağlı paylaşım edib.
PFL rəsmisi Feysbukda əvvəlcə "Qarabağ" - "Lex" oyununun təşkilatçılığında iştirak edən hər kəsə minnətdarlığını bildirib.
O, daha sonra yazıb: “Son illərin ən gözəl təşkilatçılıqlarından biri idi. Stadionun təkcə “Gənclik” metrosu tərəfdəki girişi yox, digər qapıları da açılmışdı, heç bir avtomobil stadiona buraxılmamışdı. Əvvəlki oyunlarda 30 min azarkeş bir qapıdan stadiona daxil olurdusa, bu dəfə tablo tərəfdəki girişin açılması əsas qapının “yükünü” azaltmışdı. Heç kimə lazım olmayan, giriş-çıxışa mane olan, mənasız turniketlər, dəmir-dümür yığını sökülüb atılmışdı. Demək olar ki, stadiona daxil olarkən sıxlıq yox idi, oyundan sonra da tez bir zamanda boşaldı.
Ölkəmizdən kənarda 100 min azarkeş tutumu ola stadionlarda oyun izləmişəm. Həmişə özümə sual verirdim ki, necə olur, ayda ən azı 2 oyun keçirilən bu stadionlarda giriş-çıxışda problem olmur, ancaq bizdə avrokubok oyunlarında dolan stadionlarımızda insanlar zülm çəkir? Deməli, istəyəndə olurmuş.
Yaşadığım binanın həyətində də eyni mənzərədir. Onsuz da yeni tikilən çoxmərtəbəli binaların həyəti kiçik olur. Uşaqların oynamağı üçün yer çox məhduddur, hər uşağa təxminən 1 metlax düşür)). Bahalı avtomobilli əmilər, iri ciplərini az qalır blokun qapısından içəri salsın. Gah komendantla mühahisə edirlər, gah da şlaqbauma baxan şəxsin üstünə hücum edirlər. Binanın altında dayanacaqda nə qədər istəsən yer var. Bahalı maşın sürən əmilər özlərinə əziyyət verib ora düşmək istəmir. Onlar başa düşmək istəmir ki, bu həyət o uşaqlar üçündür, sənin avtomobilin üçün deyil. Bir də polisimiz çox səbrlidir. Şəxsən mənim səbrim çatmaz. İnsana olmaz sözünü necə başa salasan? Nə isə başınızı çox ağrıtmayım, həm oyun, həm də təşkilatçılıq mənə ləzzət elədi. Bilmirəm bəlkə də hansısa problemlər oldu, amma, iş olan yerdə problemlər də qaçılmazdır. Əminəm ki, növbəti oyunlarda daha yaxşı olacaq”.