"Bütün komandaları yeni mövsüm üçün təbrik edirəm. "Turan Tovuz" və "Kəpəz"i də təbrik edirəm. "Qarabağ" artıq futbolsevərləri sevindirdi. Sağolsunlar".
Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqada yeni mövsümün püşkatma mərasimində deyib.
"Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu startından danışan PFL rəhbəri bəzi klubların legioner seçimində yanlışlığa yol verdiyini qeyd edib: "Başda "Qarabağ" rəhbərliyi və əsasən Qurban Qurbanovun zəhməti nəticəsində xalqımız çox sevindi. Sevindirici haldır ki, oyun bitsə belə, insanlar stadiondan getmək istəmirdi. Arzu edək ki, digər iştirakçılar da bizi sevindirsin. Bu mövsüm Premyer Liqada 10 komanda olacaq, bu da sevindirici haldır. Dəyişikliklər oldu. Əvəzetmələrin sayı 5-ə çatdı. Ondan əlavə, legionerlərin sayı 7 oldu. Canlı yayımdır, rəsmi danışırıq, çox şey demək isətmirəm. Amma baxıram klubların əksəriyyətinin menecerləri gəlib. Legionerlərdən diqqətli olun, səviyyəli legionerlər gətirməyə çalışın. Düzdür, legionerlərin ödəniş haqqı az olmasına baxmayaraq, elə legioner gətirin ki, ehtiyatda qalmasın. Ən azından yerli gənclər ondan nəsə öyrənsin. Yoxsa, gəlib bizdən öyrənməsinlər".