Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan təmsilçiləri - "Neftçi", "Zirə", "Qəbələ"nin də potensial rəqibləri müəyyənləşib.
"Neftçi” ikinci mərhələdə “Aris”i (Kipr) keçəcəyi halda növbəti raundda “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə görüşəcək. “Ağ-qaralar” ilk matçını evdə keçirəcək.
İkinci mərhələdə yarışacaq “Zirə” isə “Makkabi” (Tel-Əviv, İsrail) səddini adlayacağı halda 3-cü təsnifat mərhələsində “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalib ilə qarşılaşacaq. “Zirə” avrokuboklarda yoluna davam edərsə, növbəti raundda ilk görüşünü evdə keçirəcək.
KL-dəki üçüncü təmsilçimiz “Qəbələ” isə Macarıstan “Fehervar”ından üstün olsa, növbəti raundda “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə görüşəcək. “Qəbələ” – “Fehervar” cütünün güclüsü 3-cü mərhələyə evdə başlayacaq.
Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də olacaq.