İsveçrənin “Sürix” klubunun baş məşqçisi Franko Foda Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil edilən mətbuat konfransında iştirak edib. O, jurnalistlərin suallarını cavablandırdı.
- “Qarabağ” Bakıda “Lex”i 5:1 hesabı ilə məğlub etdi. Bu nəticə sizi qorxutmur?
- Xeyir. Poznandakı oyunu canlı izləmişdik. Bakıdakı matça da baxmışıq. “Qarabağ” erkən qoldan sonra oyunu itirmədi. Oyunun gedişini nəzərə alanda, düzgün nəticə idi. Amma bu, bizi qorxutmur.
- Heyətdə zədəli futbolçu varmı?
- Dzemaili “Yanq Boyz”a qarşı oynamayıb. Amma bizimlə buradadır. Heyətdə problem yoxdur.
- Komanda Bakıda “Yanq Boyz”a 0:4 hesablı məğlubiyyətlə gəlib. Həmin nəticənin təsirini üzərinizdən ata bilmisiz?
- Komandada ab-hava yaxşıdır. Həmin oyunda hesab oyunu tam əks etdirmədi. Biz də qollar vura bilərik. Həmin oyunu unutmuşuq, tamamilə “Qarabağ”la oyuna fokuslanmışıq.
- “Qarabağ”ın əsas gücünü nədə görürsüz?
- Rəqibi təhlil etmişik. Hücum xətti çox güclüdür. Vadji, Kadi, Zubir çox hərəkətlidirlər. Amma hər bir komanda kimi “Qarabağ”ın da problemləri var. Müdafiədə kompakt oynamalı və topu ələ keçirən kimi əks-hücumlarda təhlükə yaratmalıyıq.