"Qarabağ" oynamağa imkan vermirdi" - "Sürix"in baş məşqçisi

23:34 19 İyul 2022

İsveçrənin “Sürix” komandasının baş məşqçisi Franko Foda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib. O, Bakıda 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:
 
“Birinci hissə rəqib üstün idi və təzyiqi artırdı. İkinci hissədə öz oyunumuzu tapdıq və daha yaxşı oynadıq. "Qarabağ" oynamağa imkan vermirdi. Bəzi səhvlər etdik. İlk yarı rəqibin, ikinci hissə isə bizim hesabımıza yazıla bilər. Birinci hissədə 2:0 ədalətli nəticə idi. Birinci hissədə "Qarabağ"ı saxlaya bilmədik. Fasilədə bir neçə dəyişiklik etdim və bu da özünü göstərdi. Rəqib topu yaxşı saxlayırdı. Qapıçıları Şahruddin Məhəmmədəliyev onları bir neçə epizodda qoldan xilas etdi. Düşünürəm ki, 3:3 hesabı layiqli nəticə olardı.
 
Komanda uduzanda sevinə bilmərəm. Növbəti mərhələ üçün şansların bərabər olduğunu düşünürəm. Cütün taleyinə ikinci oyunda aydınlıq gələcək”.
 
Mütəxəssis qapıçılarının hər üç qolu yaxın küncdən buraxmasına da münasibət bildirib: "Qollara baxmağa imkanım olmayıb. Sabah təhlil edəcəyik. Əsas odur ki, ikinci hissədə komanda ruhunu itirmədi və qollar vurdu. “Qarabağ”ın üstünlüyü odur ki, çempionat oyunu yoxdur, cavab oyununa rahat hazırlaşacaq. Bizim isə şənbə günü çempionat matçımız olacaq. Bu gün “Qarabağ”ı təhlil etdiyim şəkildə gördüm. Birinci hissədəki epizodların birində penalti təyin etmək olardı".
 
Foda küləyin matça təsir etmədiyini sözlərinə əlavə edib: "Sürətli oyun izlədik. Bəlkə də, 3:3 və ya 4:4 hesabı ədalətli nəticə olardı". 


Digər xəbərlər

Xəbər xətti