“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Aris” (Limassol) klubu ilə ilk oyunun hazırlığını davam etdirir.
Sportarena.az xəbər verir ki, Türkiyə toplanışından qayıdandan sonra birgünlük fasiləyə buraxılan komandanın üzvləri iyulun 17-də məşqlərə başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar icra olunub. Sabah səhər Kiprə yola düşəcək “ağ-qaralar”ın oyunöncəsi son məşqi Bakı vaxtı ilə saat 21:30-da Limassol şəhərindəki “AEK Arena” stadionunda baş tutacaq və media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) olacaq. Məşqdən əvvəl – saat 21:00-da isə baş məşqçi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.Qeyd edək ki, “Aris” – “Neftçi” matçı iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da keçiriləcək.