"Səhvlər olmasaydı, böyük hesabla uduzmayacaqdıq" - Rəşad Sadıqov

01:05 22 İyul 2022

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi"yə (Tel-Əviv, İsrail) Bakıda uduzduqları ilk matç (0:3) haqda danışıb. 

40 yaşlı mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında məğlub olmaqlarına baxmayaraq, komandasından razı qaldığını deyib:

"Oyunun həlledici məqamları ilk iki qol oldu. Bizim də imkanlarımız var idi. Rəqib səhvlərimizdən sonra fərqləndi, biz isə kombinasiyalı hücumlar qurduq. Sevindirici məqam odur ki, uşaqlar oyundan qopmadılar. Onlardan razıyam. Səhvlər olmasaydı, böyük hesabla uduzmayacaqdıq. Bununla belə, oyunda yeni səviyyəyə qalxdığımızı gördüm. Səhvsiz futbol olmur. Rəqibdən nə gözləyirdiksə, onu da meydanda gördük. Bu gün məqsədimiz dağıdıcı yox, yaradıcı, kombinasiyalı oyun nümayiş etdirmək idi. Məsələn, kubokun finalında müdafiədən oynayırdıqsa, bu dəfə məqsədimiz belə deyildi. Rəqibdən nə gözləyirdiksə, onu da meydanda gördük".

Gənc mütəxəssis səfər matçı barədə də danışıb: “Hesab böyükdür. Amma səfərə gedəndə əlimizi yana salmayacağıq. Mən Rəhim Sadıxovun oyunundan razı qaldım. Ola bilər ki, ilk dəqiqələrdə özünü göstərə bilmədi. Amma zaman keçdikcə oyundan oyuna topla davranışı qaydasında idi. Rüstəm Əhmədzadə də özünü yaxşı tərəfdən göstərdi. Onu ehtiyatda oturtmağı düşünmürəm”.

Sadıqov vurğulayıb ki, heyəti genişləndirməyə çalışırlar: "Yeni futbolçu transfer etməyə çalışırıq. Çünki komandamız əsasən gənclərdən qurulub. Yeni transferlər etməsək, mövsüm öncəsi işimiz çətin olacaq. Yaxşı legioner almağı düşünürük. Ad xatirinə transfer etmək istəmirik".

Qeyd edək ki, bu komandalar cavab qarşılaşaması iyulun 28-də Təl-Əvivdə olacaq. 


Digər xəbərlər

Xəbər xətti