"Əvvəlki müsahibəmdə də demişdim ki, döyüş vaxtından tez qurtaracaq. Sevindirici haldır ki, vaxtından əvvəl qələbə qazandım".
Bunu Azərbaycanın MMA idmançısı Tofiq Musayev "Bellator"dakı ilk görüşündə ABŞ təmsilçisi Sidney Autlounu cəmi 27 saniyəyə nokauta göndərməsi barədə danışarkən deyib.
33 yaşlı idmançı rəqibə hörmətlə yanaşdığını bildirib: "Reytinqdə 1-ci yerdə gedirdi. Düşünürdüm ki, döyüşümüz maraqlı olacaq. Belə olub-olmadığını tamaşaçılar deyə bilər. Artıq təlim-məşq toplanışı haqqında fikirləşirik. Hazırlıq keçəndən sonra məşqçilər heyəti və menecerim məsləhət görərsə, növbəti aylarda döyüşməyə hazıram".
Musayev bu qələbəni məşqçi heyətinə borclu olduğunu söyləyib: "Şəxsi məşqçim Ruslan Əfəndiyevə, Rüfət və Ramin təşəkkürümü bildirirəm. Məni bu döyüşə hazırlamaq üçün çox əziyyət çəkdilər".
O, "Pitbull" ləqəbli braziliyalı Patriki Freyre ilə revanş döyüşünü Azərbaycanda keçirmək istədiyini vurğulayıb: "Çox istərdim ki, "Bellator" Vətənimdə olsun. Bu, bir çox yeniyetmə və gəncin bu idman növünə marağını daha da artırar. "Bellator"la müqavilə bağlayanda "Pitbull" şəxsi instaqram səhifəsində mənimlə revanş döyüşünə çıxmaq istədiyini yazmışdı. Onunla ancaq kəmər uğrunda döyüşə bilərəm. İdmançı təlim-məşq toplanışlarında artırır. Yaxşı hazırlıq keçib "Pitbulla" daha inamlı mübarizə aparmağa çalışacağam. Onun cavabını gözləyirəm. Razılıq versə, öz planlarımız üzərində işləməyə başlayacağıq".
Təcrübəli idmançı "Bellator"da Qafqazı təmsil edən döyüşçülərlə vuruşmaq istəmədiyini bildirib: "Əslində mənim üçün heç bir fərqi yoxdur. Amma daha çox digər ölkələrdən olan idmançılarla döyüşmək niyyətindəyəm. Qafqazlılarla başqa turnirlərdə qarşılaşmışam. Daha güclü rəqiblərlə üz-üzə gəlmək arzusundayam. Amma lazım gələrsə, Qafqazdan olan idmançılarla da döyüşərəm".
Musayev bu döyüşdən sonra yeni sponsorla müqavilə imzalanacağını istisna etməyib: "Menecerim məsləhət görsə, sözləşmə bağlayacağıq".
Qeyd edək ki, Tofiq Musayev Sidney Autlouya cəmi 27 saniyəyə qalib gəlib. (Report)