Macarıstanın "Fehervar" komandasının müdafiəçisi Nikola Serafimov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Sekeşfehervar təmsilçisinə bu yay transfer olan 23 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Futbolda hər şey ola bilər. Ona görə də üç qol fərqinə baxmayaraq, arxayınlaşa bilmərik. Cavab matçına tam hazır olmalıyıq. Rəqib komanda ikinci qarşılaşmada əzmlə mübarizə aparmağa çalışacaq. Əminəm ki, "Qəbələ" matçı kökündən dəyişmək istəyəcək. Amma biz də hazırıq. Komanda daxilində əhval-ruhiyyə yaxşıdır. Məqsədimiz səfərdə də qələbə qazanmaqdır".
Serafimov 4:1 hesabı ilə qalib gəldikləri ilk oyun haqqında da danışıb: "Debüt etdiyim üçün şadam. Azarkeşlərin dəstəyi bizim üçün çox şey ifadə edirdi. Görüşə planlaşdırdığımız kimi başlaya bilmədik. Fasilədə məşqçilər korpusundan faydalı məsləhətlər aldıq. Kenan Kodronun bərabərlik qolunu vurması ən vacib məqam idi. Bu, futbolçuların fasiləyə sakit yollanmasına imkan yaratdı”.
İyulun 28-də Qəbələ şəhər stadionunda baş tutacaq cavab görüşünə saat 20:00-da start veriləcək.