"Qarabağ"la oyunda qalib gəlsək, fantastik bir mövsüm keçirə bilərik" - "Sürix"in futbolçusu

17:53 26 İyul 2022

"Sürix"in (İsveçrə) futbolçusu İvan Santini Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la evdə keçirəcəkləri cavab matçı barədə fikirlərini bölüşüb.

33 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında sonadək mübarizə aparmalı olduqlarını deyib:

"Bu, ikinci oyunumuz olduğu üçün sakitliyi qorumaq vacibdir. Bir oyunla heç nə bitmir. Amma 90 dəqiqə kompakt oynamalı, hər bir detala fikir verməliyik. Gücümüzün 100 faizini ortaya qoymalıyıq. Əminəm ki, bu halda biz mərhələ adlaya bilərik. Bu, bir növ final oyunudur. "Qarabağ"la matç bizim üçün hazırda mövsümün ən vacib oyunlarından biridir. Mövsüm yeni başlayıb. Amma bu oyunda qalib gəlsək, fantastik bir mövsüm keçirə bilərik. 90 dəqiqə ərzində hər şeyə hazır olmalı və səbrli davranmalıyıq. Meydanın hər qarışı üçün mübarizə aparmalıyıq".

Qeyd edək ki, sabah keçiriləcək "Sürix" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında Bakıdakı ilk matç Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 


Digər xəbərlər

Xəbər xətti