”Çox vacib və maraqlı oyuna hazırlaşır. Çox fərqli bir oyun üslubu olan komandaya qarşı oynayacağıq".
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah “Sürix”lə keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
O bildirib ki, sabah onları sürpriz gözləyə bilər: "Bu matça hazırlaşmaq üçün vaxtımız oldu. Bilirik ki, rəqib də həddindən artıq ciddi hazırlaşır. Bunu son çempionat oyunlarında da gördük. Həm fərqli sistemdə oynadılar, həm də çox futbolçusu istirahət etdi. Sabah bizi bəzi sürprizlər gözləyə bilər. Biz də hər bir vəziyyətə hazırıq".
Q.Qurbanov ötən mövsüm çıxış etdikləri Konfrans Liqası ilə Çempionlar Liqasını müqayisə edib: "Sadəcə, rəqiblər fərqlidir. Biz çalışırıq ki, hər rəqibə qarşı düzgün oynayaq. Bu mövsüm rəqiblərimiz həddindən artıq güclüdür. Ümumiyyətlə, Çempionlar Liqası digər liqalardan çox fərqlənir. Burada səhvlər bağışlanmır. Çalışmalıyıq ki, səhvlərimiz az olsun".
Q.Qurbanov start heyəti sabah müəyyən edəcəyini qeyd edib: "Mən özüm də heyəti dəyişməyi düşünmürəm. Amma güvəndiyim futbolçular var ki, onları hər an əsas heyətdə oynada bilərəm. Yenə də sabahı gözləməliyik. Start heyəti sabah müəyyən edəcəyik".
Baş məşqçi "Görüşün penaltilər seriyasına qədər uzanmaq ehtimalı haqda düşünmüsünüzmü" sualını belə cavablanıdırıb: "Belə oyunların gedişatında hər şeyə hazır olmalıyıq. Rəqib futbolçusu da müsahibəsində deyib ki, bizim üçün final oyunu kimidir. Hər şey ola bilər. Rəqibimiz də çox güclüdür. Hər halda istəyirik ki, oyunun əsas vaxtında hər şey həll olunsun".
Q.Qurbanov sabah açıq futbol olacağını düşündüyünü də deyib: "Məncə, hər iki komandanın oyun üslubu elədir ki, açıq oyun gedə bilər. Biz müdafiə olunmağa gəlməmişik. Rəqib həddindən artıq hücum etməsə, müdafiədə oturmaq fikrimiz yoxdur. Məncə, açıq oyun olacaq".
Xatırladaq ki, "Qarabağ" Bakıdakı görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Sabahkı matç isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.