İsveçrənin “Sürix” komandasının qapıçısı Yanik Brexer UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. 29 yaşlı qolkiper yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Bu matçda sadə top itkilərinə yol verməməli və lazım olan qələbəni qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq. Hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Çempionlar Liqası üçün hələ uzun yol var. Amma hamımız o himni eşitmək istəyirik. Bunun üçün bugünkü qarşılaşmaya uğurlu start verməliyik”.
Bu gün "Letsiqrund" stadionunda keçiriləcək cavab matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bakıda keçirilmiş ilk oyunda “Qarabağ” 3:2 hesablı qələbəyə sevinib.