"Xəzər Lənkəran"da oynadığım 6 ay müddətində komandanın o vaxtkı baş məşqçisi Mirça Rednik mənə rahatlıq vermirdi".
Bunu "Xəzər Lənkəran"ın sabiq futbolçusu Xristu Kyaku "Xəzər Lənkəran"da çıxış etdiyi dövrdə üzləşdiyi problem barədə danışarkən deyib.
36 yaşlı veteran yarımmüdafiəçi baş məşqçi Mirça Redniklə münasibətlərinin pis olduğunu bildirib: "Müqaviləyə imza atdıqdan sonra aldığım puldan ona və agentlərə komissiya verməli olduğumu söylədi. Təbii ki, bunu etmədim. Bakıda "Neftçi" ilə oyunumuz var idi. Rednik dedi ki, matçdan sonra danışarıq. Həmin qarşılaşmada meydana çıxdım. Növbəti oyuna 2 gün qalmış isə məni otağına çağırdı. Digər futbolçular da orada idi. Dedi ki, uşaqlar, görürsünüz, Kyakunun mənə borcu var. Bir daha ona pul verməyəcəyimi izah etdim. Bildirdi ki, öz işindir, növbəti matçda oynamayacaqsan. Start heyətində Aleksandr Pitsurkaya şans vermişdi. Hamı ona gülürdü. 80-ci dəqiqədə meydana çıxdım və cəmi 3 dəqiqə sonra qol vurdum. Sonrakı oyun ərəfəsində də analoji halla üzləşdim".
Rumıniyalı vinger həmyerlisinin transferlərdən milyonlar qazandığını söyləyib: "Onların hamısı Rednikə pul verirdi. Komandaya gətirdiyi oyunçuların sayını nəzərə alsaq, baş məşqçi həmin vaxt milyonlarla dollar qaznmışdı".
Qeyd edək ki, Mirça Rednik 2010/2011 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub. Xristu Kyaku isə həmin mövsümün ikinci yarısını icarə əsasında cənub təmsilçisində keçirib. (Report)